Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
SÜRÜŞMƏ PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ ELMİ TƏQDİMAT KEÇİRİLİB
Bakıda WUF13 çərçivəsində sürüşmə problemlərinə həsr olunmuş elmi təqdimat keçirilib.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Bakı şəhərinin ekoloji təhlükəsizliyi və dayanıqlı şəhərsalma məsələlərinə həsr olunmuş tədbir baş tutub.
Seminarı giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri Emin Quliyev gənclərin belə strateji müzakirələrdə iştirakının vacibliyini önə çəkərək qeyd edib ki, bu görüş Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə elan olunmuş 2026-cı il - “Şəhərsalma və Memarlıq İli” ərəfəsində xüsusi aktuallıq kəsb edir.
E.Quliyev həmçinin vurğulayıb ki, WUF13-ün gündəliyi ilə birbaşa səslənən bu müzakirələr ölkəmizdə təhlükəsiz mühitin formalaşdırılması və şəhərsalma sahəsində gənc mütəxəssislərin biliklərinin dərinləşməsinə xidmət edir.
Daha sonra coğrafiya elmləri doktoru Vaqif Məmmədov “Bakı şəhərində sürüşmə hadisələri və onların yaratdığı sosial-ekoloji problemlər” mövzusunda geniş məruzə ilə çıxış edərək paytaxtın mürəkkəb relyefində baş verən sürüşmə dinamikasını, təhlükəli zonaların xəritələndirilməsini və bu hadisələrin sosial-infrastruktur layihələrinə təsirini elmi faktlarla iştirakçıların diqqətinə çatdırıb. Məruzəçi müasir şəhərsalma standartlarına uyğun preventiv tədbirlərin görülməsinin dayanıqlı inkişaf üçün zəruri olduğunu bildirib.
Tədbirin sonunda gənc alimlərin mövzu ilə bağlı sualları cavablandırılıb və qeyd olunub ki, bu növ elmi müzakirələr Bakının gələcək inkişaf modelinin formalaşmasına mühüm töhfə verəcək.