Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GGİ-də GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRİN RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİR
Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislərin “Yer elmlərində fənlərarası tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda Respublika elmi-praktiki konfransının açılışı olub.
İki gün davam edəcək tədbir ölkəmizdə elan olunmuş “Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr edilib.
Konfransı giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə gənc tədqiqatçıları salamlayaraq, müasir dövrdə Yer elmlərinin inkişafında fənlərarası yanaşmanın xüsusi əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, gənc kadrların potensialının üzə çıxarılması və onların dünya elminə inteqrasiyası GGİ-nin əsas prioritetlərindəndir.
Tədbirin təşkilat komitəsinin sədri akademik Əkpər Feyzullayev konfransın proqramı və qarşıya qoyulan məqsəd barədə ətraflı məlumat verib. Akademik çıxışında konfransa təqdim olunan tezislərin elmi aktuallığını yüksək qiymətləndirib, tədqiqat işlərinin müəyyən edilmiş prioritet istiqamətlərə tam uyğunluğunu və onlarda fənlərarası yanaşma prinsiplərinin uğurlu tətbiqini xüsusi vurğulayıb.
GGİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri Emin Quliyev isə öz çıxışında gənclərin elmi fəaliyyətə cəlb olunması, innovativ düşüncənin dəstəklənməsi və bu kimi tədbirlərin təcrübə mübadiləsi baxımından yaratdığı imkanlardan bəhs edib.
Gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmağı hədəfləyən konfrans məruzəçilərin təqdimatları ilə işini davam etdirir.