Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
ETN Geologiya və Geofizika İnstitutu Elmi şurasının növbəti iclası keçirilib.
İclas öncəsi İnstitutun baş direktoru Akif Əlizadə akademik Əkpər Feyzullayevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə kollektiv adından təbrik edib.
Akademik A.Əlizadə sonra GGİ Yer təkində istilik-kütlə daşınma şöbəsinin kiçik elmi işçisi Pərviz Məmmədova Yer elmləri üzrə fəlsəfə doktoru diplomunu təqdim edib, onun timsalında İnstitutun istedadlı, zəhmətkeş gəncləri ilə fəxr etdiyini bildirib. Alim həmçinin GGİ-də AMEA-nın 80 illik yubileyinə və Zəfər Gününə həsr olunmuş şahmat turnirinin qaliblərinə və iştirakçılarına müvafiq diplom, pul mükafatları və sertifikatları təqdim edib.
Daha sonra Elmi şuranın iclasını giriş sözü ilə açan baş direktor gündəliyi səsə qoyub və təsdiqdən sonra ilk sözü AMEA-nın müxbir üzvü Dadaş Hüseynova verib.
D.Hüseynov gündəliyin 2025-ci ildə tamamlanmış ETİ üzrə hesabatların müzakirəsi çərçivəsində “Alp-Himalay qırışıqlıq zonasının Qara dəniz-Xəzər seqmentinin müasir flüid aktivliyinin geodinamiki aspektləri (2023–2025)” mövzusunda təqdimat reallaşdırıb. Məruzəçi Avrasiya və Ərbistan plitəsi konverqensiya zonasının Qara dəniz-Xəzər seqmentinin flüd dinamikası ilə bağlı maraqlı tədqiqat işinin nəticələri barədə ətraflı danışıb, sonra suallar cavablandırılıb.
“Şərqi Paratetisin Oliqosen-Miosendə paleocoğrafi şəraiti və qəziyyələr stratiqrafiyası (2023–2025)” mövzusunda AMEA-nın müxbir üzvü Elmira Əliyeva təqdimatla çıxış edib. Alim çoxsaylı diaqram və xəritələrin nümayişi ilə apardığı təqdimatda elmi nəticələri diqqətə çatdırıb.
Elm və təhsilin inteqrasiyası: Geologiya və Geofizika İnstitutunda yaradılmış baza kafedrasının fəaliyyəti ilə bağlı akademik Fəxrəddin Qədirov və f.-r.e.n. Əvəz Məmmədov (Bakı Dövlət Universiteti) çıxış ediblər. Bildirilib ki, BDU “Seysmologiya və Yer təkinin fizikası” kafedrası 2025-2026-cı tədris ilində də fəaliyyətinə davam etmişdir. 250 saat dərs yükündə Azərbaycanın seysmik rayonlaşdırılması, Yer fizikasının əlavə fəsilləri, Seysmologiya, Seysmometriya fənləri üzrə mühazirələr və praktik məşğələlər aparılmışdır.
Daha sonra Geologiya və Geofizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti haqqında g.-m.e.n. Kamran Əliyev geniş hesabatla çıxış edib, həmçinin bir sıra müxtəlif məsələlərə baxılıb.