Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
COĞRAFİYA İNSTİTUTUNUN ALİMİ “BÜLLUR KOMPAS” MÜKAFATINA LAYİQ GÖRÜLÜB
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru c.ü.f.d, dosent Zaur İmrani Rusiya Coğrafiya Cəmiyyətinin milli “Büllur kompas” müsabiqəsinin "Elmi nailiyyət" nominasiyasında qalib çıxaraq “Finalçı diplomu”na layiq görülüb.
“Büllur kompas” mükafatı 2012-ci ildən başlayaraq hər il müsabiqə əsasında Rusiya Federasiyasının elm, mədəniyyət, təbiət, tarix, mədəni irsin qorunub saxlanılması və təbliği, ekspedisiya və maarifləndirmə sahəsində görkəmli nailiyyətlərin və unikal layihələrin müəlliflərinə verilir.
Bu il Rusiya, Hindistan, Fransa, ABŞ, Misir, Belarus, Moldova, Serbiya, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Nepal və Tacikistandan 600 iştirakçı “Coğrafi Oskar” uğrunda mübarizə aparıb. Qaliblərin təltifedilmə mərasimində Rusiya, Böyük Britaniya, Hindistan, Fransa, Azərbaycan, Qazaxıstan, Serbiya və Qırğızıstan nümayəndələri, eləcə də fəxri qonaqlar qismində Rusiyanın və xarici ölkələrin tanınmış elm və incəsənət nümayəndələri, məşhur kosmonavtlar, dövlət və ictimai xadimlər iştirak ediblər.
Z.İmrani tədbirin finalçıları sırasında mayın 30-da Moskva Beynəlxalq Musiqi Evində keçirilən təntənəli təqdimat mərasimində mükafatlandırılıb. Mükafatı Rusiya Coğrafiya Cəmiyyətinin fəxri prezidenti, iqlim üzrə hökumətlərarası ekspertlər qrupunun tərkibində Nobel Sülh Mükafatı laureatı akademik Vladimir Kotlyakov təqdim edib.
Azərbaycanlı alim bu yüksək mükafata “Azərbaycan daxilində geoekoloji kontekstdə risk və fəlakətlərin qiymətləndirilməsinin obyekt yönümlü təhlili” adlı monoqrafiyasına görə layiq görülüb.
Qeyd edək ki, Coğrafiya İnstitutunun alimləri artıq ikinci dəfədir ki, bu mötəbər müsabiqənin qalibi olurlar. Akademiyanın müxbir üzvü mərhum Elbrus Əlizadə və elmlər doktoru Stara Tarixazər “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)” tədqiqat işinə görə 2016-cı ildə müsabiqənin adıçəkilən nominasiyasında qalib çıxaraq “Finalçı diplomu” ilə təltif olunmuşdu.