Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Jan 2024 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YERLİ TELEVİZİYA KANALLARINA MÜSAHİBƏ VERİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib.

 

Azərbaycan Televiziyasından Rövşən Məmmədov: Cənab Prezident, hər vaxtınız xeyir olsun. Öncə müsahibəyə görə hər birimizin adından Sizə təşəkkür edirik. Suverenliyimizin tam bərpa olunmasından, xüsusən də Xankəndi Zəfərindən sonra belə bir görüş, belə bir müsahibə hər birimizin arzusu idi. Odur ki, bu arzumuzu nəzərə aldığınıza görə Sizə təşəkkür edirik.

Cənab Prezident, yeni tarixi reallığı, yeni tarixi mərhələni yaşayırıq. Ən böyük reallıq qeyd etdiyimiz kimi, Qarabağın tam azad olunması, Qarabağdan separatizmin, terrorizmin təmizlənməsi və Sizin təbirinizcə desək, tarixin zibilliyinə atılmasıdır. Əlbəttə ki, hər bir reallığın arxasında güc, prinsipiallıq, əzm, iradə və Sizin “Dəmir yumruğunuzdur”. Məhz ona görə də mən istərdim elə ilk sualımı bugünkü reallıqlardan son 20 illik fəaliyyətə nəzər salmaqla başlayaq. Bu gün ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanımızdan, suverenliyimizi tam bərpa etmiş Azərbaycanımızdan son 20 illik fəaliyyətə nəzər salsaq, hansı mənzərə canlanır? Biz bu 20 ildə haradan-haraya gəlmişik?


Prezident İlham Əliyev:
 Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Hesab edirəm ki, bugünkü reallıqları biz 2003-cü illə yox, 1993-cü illə müqayisə etməliyik, çünki məhz o tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi.

Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar.

Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.

 

https://azertag.az/xeber/azerbaycan_prezidenti_ilham_eliyev_yerli_televiziya_kanallarina_musahibe_verib_yenilenecek_canli-2878447