Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA ƏMƏKDAŞLIĞA DAİR MÜQAVİLƏ İMZALANIB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) və Radiasiya Problemləri İnstitutu (RPİ) arasında elmi əməkdaşlığa dair üçillik müddətinə müqavilə imzalanıb.
Sənədi Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə və Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev imzalayıblar.
Sənədin imzalanması tədbirində Radiasiya Problemləri İnstitutu tərəfindən bu elm ocağının baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayevlə yanaşı, icraçı direktor f.ü.f.d., dosent Rəvan Mehdiyeva, elmi katib f.ü.f.d., dosent Əminə Mikayılova, Radiokimya və Radioprotektorlar laboratoriyasının müdiri k.e.d., dosent Xaqani Məmmədov, Radioekologiya laboratoriyasının müdiri f.ü.f.d., dosent Famil Hümbətov, Nizamsız bərk cisimlərin radiasiya fizikası laboratoriyasının baş elmi işçisi f.e.d., dosent Elçin Hüseynov iştirak edib.
Müqavilə çərçivəsində tərəflər elmi potensialın birləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə geoloji və geofiziki tədqiqat işlərinin aparılması və bölgədə yaranmış ekoloji və radioekoloji problemlərin kompleks həllinin həyata keçirilməsi istiqamətində elmi əməkdaşlıq həyata keçirəcəklər. İlkin olaraq tərəflər arasında “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələr”in geoloji təbiətinin təhlili” mövzusu üzrə (rəhbər AMEA-nın müxbir üzvi Çingiz Əliyev) Qarabağ iqtisadi zonasının işğaldan azad edilmiş ərazilərində yerüstü radiometrik ölçmələrin aparılması və radon qazının həcmi aktivliyinin təyini, tədqiqat ərazisindən götürülmüş müxtəlif nümunələrin laborator şəraitdə qamma-spektrometrik analizinin aparılması və radionuklid tərkibinin müəyyənləşdirilməsi və tədqiqat ərazilərin radioekoloji reabilitasiyası üçün elmi cəhətdən əsaslandırılmış tədbirlər planının hazırlanması üzrə birgə fəaliyyət nəzərdə tutulur.