Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU DİSSERTASİYA ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLİB
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.01 Dissertasiya şurasının növbəti iclası keçirilib. Dissertasiya şurasının sədri geologiya-mineralogiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Əkpər Feyzullayev iclası KMQ Engineering “KazNİPİMunayQaz” SC-nin geologiya və geoloji kəşfiyyat xidmətinin eksperti və SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutunun dissertantı Aynur Karamurzayevanın 2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı ixtisası üzrə Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Обстановки осадконакопления и нефтегазоносность юрского и мелового комплексов Бузачинского свода” (“Buzaçı tağı yura və təbaşir komplekslərinin çöküntütoplanma şəraiti və neftqazlılığı”) mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsinə həsr olunmasını qeyd edib. Dissertasiya şurasının elmi katibi t.f.d., dosent Dilquşa Mirzəyeva dissertasiya şurasına daxil olan sənədlərlə şura üzvlərini tanış edib.Bildirilib ki, elmi rəhbər, g.-m.e.d., AMEA-nın müxbir üzvü Elmira Əliyeva, rəsmi opponentlər - g.-m.e.d., AMEA-nın müxbir üzvü Tələt Kəngərli, y.e.d., dos. Elçin Bağırov (SOCAR), g.e.n., dos. Yelena Poqorelovadır. (ADNSU).
Sonra Aynur Karamurzayevanın dissertasiyanın mahiyyəti və aldığı nəticələr barədə çıxışı dinlənilib. O qeyd edib ki, Şimali-Qafqaz-Manqışlaq əyalətinin Qazaxıstan hissəsində 40-dan çox neft-qaz yataqları mövcuddur və onların çoxu (Karajanbas, Şimali Buzaçı, Kalamkas, Jalqıztuba və s.) Buzaçı tağı ilə əlaqəlidir. Bu yataqların uzunmüddətli işlənməsi sayəsində onlar əhəmiyyətli dərəcədə tükənib. Bu da Buzaçi tağının mezozoy çöküntülərində axtarış və kəşfiyyat işlərinin davam etdirilməsinin zəruriliyini göstərir. Sözügedən çöküntülərin perspektivliyinin qiymətləndirilməsində mühüm meyarlardan biri çökmə süxurların toplanma şəraitinin tədqiqidir.
İclasda şura üzvlərinin və iddiaçıların sualları cavablandırılıb, müzakirələr aparılıb. Qərara alınıb ki, Ali Attestasiya Komissiyasının qarşısında Aynur Karamurzayevanın 2521.01 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisasında Yer elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsi üçün vəsatət qaldırılsın.