Fəaliyyət
GeoAzərbaycan
Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASINDA MÜXTƏLİF MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu Elmi şurasının iclası keçirilib. İnstitutun baş direktoru akademik Akif Əlizadə Elmi şuranın gündəliyində duran məsələləri səsə qoyduqdan sonra “Onurğalılar paleontologiyası sahəsində yeni tədqiqatlar haqqında” təqdimat reallaşıb. Biologiya elmləri üzrə fəlsəfə doktoru Tariel Eybatov və şöbə müdiri Natəvan Abdullayeva iştirakçılara mövzu üzrə maraqlı faktlar təqdim ediblər. Natiqlər Azərbaycanda qazıntı halında tapılmış onurğalı heyvanların DNT analizləri, bu sahədəki nailiyyətlər, problemlər və perspektivlər ətarfında zəruri mülahizələr çatdırıblar. Həmçinin DNT-nin 21 variantı (forması), onun araşdırılıması tarixi haqqında danışıblar. İclas iştirakçıları biologiya sahəsində hələlik həyata keçirilmiş ən böyük layihə olan insan genomu layihəsi (HGP) haqqında məlumatı da maraqla qarşılayıblar.
Alimlər Azərbaycanda paleogenetika və arxeogenetika elm sahələrinin gələcək inkişafı, fosil heyvanların genetik analizi, onun üsulları, real imkanlar və perspektivlər barədə ətraflı söz açıblar.
Təqdimat diqqətlə dinlənilib, çoxsaylı suallara aydınlıq gətirilib. Mövzu ilə bağlı Elmi şuranın iclasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru b.ü.f.d., dos. Ələmdar Məmmədov, laboratoriya rəhbəri b.ü.f.d., dos. Nurməmməd Mustafayev, kiçik elmi işçi, doktorant Zərrintac Rüstəmova və kiçik elmi işçi Şəlalə Məcidova da iştirak ediblər.
Sonra iclasın gündəliyinə uyğun olaraq elmi-təşkilati məsələlər müzakirə olunub. Akademik Akif Əlizadə ETİ proqramlarının İnstitutun tematik planına daxil edilməsi ilə bağlı səsləndirdiyi təkliflər hərtərəfli müzakirə olunub, mövzular və icra tarixləri dəqiqləşdirildikdən sonra Elmi şura tərəfindən qəbul edilib.
Dissertasiyaların Müdafiəsi şurasının yeni tərkibi haqqında Geologiya və Geofizika İnstitutu Dissertasiya Şurasının elmi katibi Dilquşa Mirzəyeva məlumat verib. AMEA-nın həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Əkpər Feyzullayevin sədrliyi altında Dissertasiya şurasının fəaliyyətinin davam edəcəyini diqqətə çatdırdı.
“Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda IX ənənəvi beynəlxalq elmi konfransına hazırlığın gedişatı müzakirə olunandan sonra iclasda müxtəlif məsələlərə baxılıb.