Ana Səhifə / Xəbərlər

Xəbərlər

06 Apr 2023 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA BİOLOGİYADA POSTGENOM ERASINA HƏSR OLUNUB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunda (GGİ) gənclər üçün nəzərdə tutulmuş “Biologiyada postgenom erası: nailiyyətlər və perspektivlər» mövzusunda lektoriya keçirilib. Tədbirdə GGİ-nin rəhbərliyi, bu elm ocağının gənc alimləri, Elm və Təhsil Nazirliyi Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və icraçı direktor biologiya üzrə elmlər doktoru Mehrac Abbasov iştirak ediblər.


Lektoriyani giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə bu cür tədbirlərin xoş bir ənənəyə çevrildiyini və daşıdığı əhəmiyyəti xatırladıb. Həmçinin paleontologiya elmi üzrə dünyada qazanılmış nailiyyətlərdən misal gətirib, gənc alimlərin bu elmə marağın artdığını nəzərə alaraq növbəti lektoriyaya mütəxəssis dəvətinin təsadüf olmadığını diqqətə çatdırıb. Alim sonra mövzu üzrə təqdimat üçün sözü məruzəçiyə - biologiya üzrə  elmlər doktoru Mehrac Abbasova verib.


B.e.d. Mehrac Abbasov təqdimatının giriş hissəsində DNT, DNA, ДНК məvhumlarına aydınlıq gətirərək bildirib ki, Dezoksiribonuklein turşusu (DNT) hər bir canlının inkişafı və fəaliyyəti üçün genetik informasiyanı daşıyan molekuldur. Canlının bütün bioloji xüsusiyyətləri DNT vasitəsilə nəsildən-nəslə ötürülür. Qırmızı qan hüceyrələrindən başqa bütün hüceyrələr bu informasiyanın eyni nüsxəsini daşıyır. Bütün DNT-lərin cəmi Genom adlanır. Müasir insanın DNT-sinin 1.5-2.1%-i neandertal, 3.0-6.0%-i isə Denisovalılardan miras qalmışdır. Bütün insanların genomu 99.9% eynidir. Cəmi 0.1% faiz olan fərqlilikdə insanların bir-birindən fiziki, əqli, fizioloji olaraq fərqlənməsinin, bəzi insanların nə üçün müəyyən bir xəstəliyə daha həssas və ya davamlı olmasının da izahı vardır. 0.1% fərqlilik hələ də 8-10 milyon nukleotidin fərqlənməsi deməkdir.


Yeni Nəsil Sekvenser texnologiyalarından danışan alim insan genom layihəsindən əldə olunan əsas nəticələri xatırladıb: “İnsan genomu 3 milyard nukleotid cütündən təşkil olunmuşdur. İnsan genomunda 20000-25000 gen vardır. Genlərin böyük əksəriyyəti genomun tamlığının qorunub saxlanması və səhvsiz şəkildə nəsildən nəslə ötürülməsinə “cavabdehdir. Çox baha başa gələn investisiya tələb edən gələcəyin texnologiyası  CRISPR genom redaktəsini reallaşdıra bilir. CRISPR texnologiyası DNT-ni redaktə etməyə, arzuolunmaz genləri genomdan çıxarmağa və onları sağlam və ya üstünlük verilən alternativlərlə əvəz etməyə imkan verir”.


Alim nəzərə çatdırıb ki, Azərbaycanda genom tədqiqatları nar və üzüm məhsulları üzərində aparılıb. Alınmış nəticələr nüfuzlu impakt faktorlu jurnallarda dərc edilib: ”Üzüm genomunun oxunması üzrə tədqiqat işində müxtəlif ölkələrdən toplanılan 3525 mədəni və yabanı üzümün tam genomunun sekvenslənməsi həyata keçirilib, dərin bioinformatik və biostatistik analizlərlə üzüm bitkisinin ikili mədəniləşmə və mənşə mərkəzinə malik olduğu müəyyən edilib. Sübut olunub ki, üzüm bitkisi 11 min il əvvəl Qərbi Asiya və  Qafqazda mədəniləşdirilmişdir, süfrəlik və şərablıq üzüm sortları və formaları yaradılıb və daha sonra bu təcrübə Avropaya keçib. Genom məlumatları ABŞ-ın Biotexnologiya İnformasiyaları üzrə Milli Mərkəzi (NCBI) tərəfindən 2017-ci il dekabrın 12-də “PGOL00000000.1” nömrəsi altında qeydə alınmışdır.”


Mehrac Abbasov xüsusilə vurğulayıb ki, kompüter genomu şəbəkəsi yaratmaq, Azərbaycanda insan genom layihəsinin reallaşdırılması zərurəti üzərində iş aparılır. Lakin bütün işlər minimum risk daxilində nəticə əldə etmək prinsipi ilə həyata keçirilir.


Sonra iştirakçıların böyük maraqla dinlədikləri təqdimata dair çoxsaylı suallara aydınlıq gətirilib.


Sonda Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və b.e.d. Mehrac Abbasov GGİ-nin gəncləri ilə maraqlı görüşün effektli təşkilinə görə İnstitutun baş direktoru akademik Akif Əlizadəyə təşəkkür ediblər.


Akademik Akif Əlizadə də İnstitutun kollektivi, xüsusən də gənclər adından qonaqlara səmimi minnətdarlığını bildirib.

GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA BİOLOGİYADA POSTGENOM ERASINA HƏSR OLUNUB
GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA BİOLOGİYADA POSTGENOM ERASINA HƏSR OLUNUB
GGİ-də GƏNCLƏR ÜÇÜN NÖVBƏTİ LEKTORİYA BİOLOGİYADA POSTGENOM ERASINA HƏSR OLUNUB
next
next