Ana Səhifə / Xəbərlər

Xəbərlər

07 Oct 2022 Mühüm hadisələr Mühüm hadisələr

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU İLƏ XƏZƏR UNİVERSİTETİ ARASINDA İŞBİRLİYİ HAQQINDA MÜQAVİLƏ İMZALANIB

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda bu elmi müəssisənin Baş direktoru, AMEA-nın həqiqi üzvü Akif Əlizadə və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, f.r.e.d., professor Hamlet İsaxanlı elmi-tədqiqat və pedaqoji sahələrdə birgə fəaliyyət barədə müqavilə imzalayıblar.

Müasir dövrdə elm və təhsil arasında qarşılıqlı əlaqə prinsipinə uyğun olaraq bağlanan müqavilədən əsas məqsəd İnstitutun alim və mütəxəssisləri ilə Universitetin alim, müəllim və tələbə heyətləri arasında elmin və təhsilin təkmilləşdirilməsini, qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləmək, elmlə təhsilin müasir vəhdət modelini yaratmaqdir.

Müqavilənin ümumi müddəalarında Yer elmləri və təhsilin müxtəlif sahələrinin innovativ inkişafı məqsədilə İnstitut və Universitetin mütəxəssisləri tərəfindən mütəmadi dəyirmi masaların təşkil edilməsi nəzərdə tutulur. Həmçinin elmi əsaslandırılmış təkliflərin hazırlanması və müvafiq dövlət qurumları qarşısında vəsatətin qaldırılması, Universitetin Yer elmlərinin müvafiq sahələri üzrə tədris olunan fənlərin tədris proqramlarının və dərsliklərin təkmilləşdirilməsi planlaşdırılır.

Sənəddə eləcə də yeni dərslik və dərs vəsaitlərinə dair təkliflərin verilməsi və çapa hazırlanması, İnstitutun elmi tədqiqat laboratoriyalarında Universitetin professor-müəllim heyətinin və tələbələrinin İnstitutun alim və mütəxəssisləri ilə birlikdə ekologiya, geologiya və geofizika elmlərinin müasir sahələri üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Müqavilədə həm də elmi-tədqiqat proqramlarının, layihələrinin hazırlanmasına və qarşılıqlı maraq doğuran digər elmi fəaliyyətlərin həyata keçirilməsinə diqqət yetirilir.