Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Sep 2022 Mühüm hadisələr Mühüm hadisələr

GGİ GƏNCLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Geologiya və Geofizika İnstitutunun Baş direktoru akademik Akif Əlizadənin müəssisənin gənc alim və mütəxəssisləri ilə görüşü keçirilib. Bütün şöbə gənclərinin, həmçinin rəhbərliyi təmsil edən alimlərin iştirak etdiyi tədbirdə akademik Akif Əlizadə gənclərin çoxsaylı suallarını cavablandırıb, eyni zamanda onların təkliflərini qeydə alıb. Həmçinin əmin edib ki, müəssisənin gənc alim və mütəxəssislərinin nəzəri biliklərinin praktik işlə möhkəmləndirilməsi və digər zəruri tədbirlərin reallaşdırılması naminə səsləndirilən təkliflərin həyata keçməsi üçün bütün imkanlar səfərbər ediləcək.

Baş direktorun gənclərlə görüşdə səsləndirilmiş təkliflərə aidiyyatı olan GGİ-nin şöbə rəhbərləri ilə sonrakı müzakirələrdə gənclərin təkliflərinin reallaşdırmaq ümkanlarını əsasən mümkün hesab edilib. Akademik Akif Əlizadə şöbə rəhbərlərinə təklif və ideyaları konkret proqram şəklində hazırlamaq tapşıırığını verib.

Beləliklə, Geologiya və Geofizika İnstitutunu baş direktoru akademik Akif Əlizadə müəssisənin gənc alim və mütəxəssislərinin, eləcə də GGİ-nin şöbə rəhbərlərinin ideya və təklifləri əsasında əmr imzalayıb:

1. İnstitutda gənc alim və mütəxəssislər üçün ənənəvi təşkil olunan ingilis və rus dilləri üzrə təkmilləşdirmə kurslarının fəaliyyəti davam etdirilsin. İnstitutun şöbə və laboratoriyalarında çalışan gənclərin sırasından elmə marağı və həvəsi olanların şöbənin ümumi iclasında seçilərək xarici dil kurslarında iştirakı təmin edilsin (g.-m.e.n. Y.N.Lətifova).

2. Elm sahəsində fəal çalışan gənclərin fəaliyyətinin stimullaşdırılması məqsədilə geologiya və geofizika sahələrində dərc olunmuş ən yaxşı elmi məqalələrin qiymətləndirilməsini və mükafatlandırılmasını nəzərdə tutan müsabiqələr (İnstitutdaxili və s.) mütəmadi keçirilsin (Gənc Alim və Mütəxəssislər Şurası).

3. Geologiya və Geofizika İnstitutunda mövcud olan müasir elmi cihaz və avadanlıqlarda praktik işləmək vərdişlərini artırmaq məqsədilə texniki təlimlərin, təhlükəsizlik üzrə təlimlərin və ya treninq-kursların sistematik olaraq keçirilməsi təşkil edilsin (g.-m.e.n. S.Q.Məmmədov).

4. İnstitutun icraçı direktoru AMEA müxbir üzvü D.A.Hüseynova tapşırılsın:

4.1. İnstitutda çalışan gənc tədqiqatçıların əldə etdikləri nəzəri bilikləri təkmilləşdirmək məqsədilə onların ixtisaslar üzrə müvafiq istehsalat müəssisələrində təcrübə keçmələri ilə bağlı məsələlər razılaşdırılaraq təşkil edilsin.
4.2. Elm sahəsində yüksək intellektə malik insan kapitalının yaradılması, peşəkar kadr ehtiyatının formalaşması məqsədilə treninq-kursların (paket proqramlarından istifadə, proqramların öyrənilməsi və s.) müvafiq şirkətlərdə təşkili ilə bağlı tədbirlər görülsün.
4.3. Gənclərin elmi-tədqiqat fəaliyyətlərinin informasiya təminatının genişləndirilməsi məqsədilə beynəlxalq məlumat bazalarına, nüfuzlu elmi platformalara (Thomson Reuters, Scopus və s.) çıxış imkanları müəyyən edilərək təşkil olunsun.
4.4. Gənc tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi, regional səviyyədə təcrübə toplaması məqsədilə İnstitutun aparıcı alimlərinin iştirakı ilə tədrisyönümlü çöl-tədqiqat işləri (ekspedisiyalar) mütəmadi olaraq təşkil edilsin.

5. Gənc nəslin səmərəli fəaliyyət göstərməsində, nəzəri və tətbiqi bilik, bacarıq və vərdişlər sisteminə fəal yiyələnməsində kompleks elmi bilikləri sistemli və ümumiləşdirilmiş formada özündə əks etdirən vacib və dəyərli dərs vəsaitlərinin (“Nəzəri və tətbiqi geologiyanın qısa kursu”, “Yer fizikasının qısa nəzəri kursu” və s.) müasir tələblərə cavab verəcək formada hazırlanması təmin edilsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Baş direktor akademik Akif Əlizadə