Ana Səhifə / Xəbərlər

Xəbərlər

16 Feb 2022 Diqər xəbərlər Diqər xəbərlər

ZƏKİ VƏLİYEV-80


16 fevral 2022-ci il

Geologiya-mineralogiya elmləri namizədi Zəki Vəliyevin 80 illik yubileyidir.

Zəki Abdulla oğlu Vəliyev 1942-ci il fevralın 15-də Bakı şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib. 1966-1978-ci illər ərzində Azərbaycan Geologiya İdarəsinin Kiçik Qafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasında baş geoloqu vəzifəsinə qədər yüksəlib. 1978-1984-cü illərdə Azərbaycan EA «Geofizika» Elmi Mərkəzində aparıcı mühəndis, 1984-cü ildən EA Geologiya İnstitutunda (hazırda AMEA Geologiya və Geofizika İnstitutu) kiçik elmi işçi, elmi işçi, laboratoriya rəhbəri, aparıcı elmi işçi vəzifələrində çalışıb.

1985-ci ildə “Levçay sürmə-civə filizi sahəsinin yataq və filiz təzahürlərinin yerləşmə qanunauyğunluqları və formalaşma şəraitləri (Kiçik Qafqaz)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Naxçıvan MR-in kosmotektonik xəritəsinin (1:200000 miqyasında) tərtibatında, Arazyanı zonanın və Ordubad filiz rayonunun xətti və həlqəvi strukturlarının filizləşmədə rolunun müəyyənləşdirilməsində, Şərur-Culfa və Ordubad zonalarının aerokosmik məlumatlar əsasında struktur-formasion xəritələrinin (1:200000 miqyasında) tərtibində iştirak edib. Alim hazırda GGİ “Petrologiya” şöbəsinin aparıcı elmi işçisi kimi uğurla çalışır. O həm də 1988-ci ildən indiyə kimi Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) «Faydalı qazıntılar», «Hidrogeologiya və mühəndisi geologiya», kafedralarında pedaqoji fəaliyyət göstərir. 125-ə yaxın elmi əsərin, 30-dan çox elmi-publisistik məqalənin müəllifi, 26 elmi-tədqiqat işinin həmmüəllifidir.

Zəki Vəliyev 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Alim həmkarımızı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq!