Ana Səhifə / Xəbərlər

Xəbərlər

06 Apr 2022 Diqər xəbərlər Diqər xəbərlər

YER ELMLƏRİ SAHƏSİNDƏ RESPUBLİKA ELMİ SEMİNARI


6 aprel 2022-ci il

Geologiya və Geofizika İnstitutunda (GGİ)Yer elmləri sahəsində respublika elmi seminari keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru akademik Akif Əlizadə GGİ-də keçirilən elmi seminarların yaranma tarixçəsindən danışıb, bu elmi tədbirin əhəmiyyətini vurğulayıb.

Sonra g-m.e.n., dosent İradə Məmmədova (Neftqazelmitədqiqatlayihə İnstitutu, SOCAR) “Cənubi Xəzər hövzəsinin neftqazlılığı ilə əlaqədar qərb bortunun çöküntü qatının petrofiziki qeyri-bircinsliliyinin 3D modelləşdirilməsi” mövzusunda təqdimat edib. Bildirilib ki, bu işdən məqsəd Cənubi Xəzər hövzəsi (CXH) timsalında məhsuldar qatın (MQ, aşağı pliosen) əsas rezervuar süxürlarının litofasial və tutum-süzülmə xassələrinin sahə və kəsiliş üzrə dəyişikliklərinin xüsusiyyətlərini, onların perspektivli yataqların neft və qaz ehtiyatlarının qiymətləndirilməsinin düzgünlüyünə, neft və qaz yataqlarının işlənilməsinin səmərəliliyinə təsirini öyrənməkdən ibarətdir. CXH-nin seçimi, ilk növbədə, burada həm uzunmüddətli, həm də perspektivli yataqların olması ilə əlaqədardır; ikincisi, 3D modelləşdirmə texnologiyasını tətbiq etməklə nəzərdən keçirilən problemi ətraflı şəkildə öyrənməyə imkan verən külli miqdarda geoloji-geofiziki məlumatların toplanmasıdır.

Təqdimat maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb. Respublika elmi seminarının iştirakçıları mövzu ilə bağlı çıxışlarında bildiriblər ki, haqqında danışılan tədqiqatlarda qarşıya qoyulan vəzifələr həm kern nümunələrinin petroqrafik analizinin emalı üçün klassik üsullardan, həm də müasir üsullardan istifadə etməklə yerinə yetirilib. Həmçinin 3D geoloji modelinə əsasən strukturların qazımaya Şirvan-dəniz, Alov, Dan Ulduzu, Şərq, İ.Hüseynov, C.Məmmədquluzadə ardıcıllıqda daxil edilməsi məsləhət bilinir.

Çıxışçılar eləcə də g-m.e.n., dosent İradə Məmmədovaya qoyduğu problemi daha dərindən araşdırmaq və səmərəli nəticələr əldə etmək məqsədilə ixtisas üzrə mütəxəssislərlə müzakirələr aparmağı tövsiyə ediblər.