Neft və qaz
Yeraltı hidroqazodinamika elminin əsas məsələləri
© M.T. Abasov, Q.İ.Cəlalov
Neft və qaz yataqlarının işlənilməsi sahəsində aparılan elmi tədqiqatlar çoxtərəfli olub, neft-mədən geologiyası və geofizikası, layın fizikası-kimyası və termodinamikası, yeraltı hidroqazodinamika, layın neftveriminin artırılması üsulları, neft və qaz yataqlarının işlənilməsinin təkmilləşdirilməsi və layihələndirilməsinin prinsip və üsulları, sahə iqtisadiyyatı və bunlarla bağlı olan digər problemlər və məsələlərlə məşğul olur. Bu sahələrdə aparılan elmi tədqiqatlarla Azərbaycan MEA-nın akademiki, Rusiya EA müxbir üzvü M.T.Abasovun yaratdığı və rəhbərlik etdiyi elmi məktəb məşğul olur.
Aparılan bu tədqiqatlar nəticəsində yeraltı hidroqazodinamika sahəsində fundamental və tətbiqi tədqiqatların inkişafına əhəmiyyətli tövhələr verilmişdir. Alınmış əksər elmi nəticələr mühüm nəticələr sırasına daxil edilmişdir ki, bunlardan xüsusilə aşağıdakıları qeyd etmək olar:
I. M.T.Abasov və b. tərəfindən, dünyada ilk dəfə olaraq, fazaların real xüsusiyyətlərini və onların bir-birində qarşılıqlı həll olmasını nəzərə almaqla qaz-kondensat qarışığının binar modelinin diferensial tənlikləri təklif edilmişdir ki, bunun da sayəsində qaz-kondensat yataqlarının işlənilməsinin elmi əsasları yaradılmış və qaz-kondensat yataqlarının işlənilməsinin texnoloji göstəricilərinin təyin etmək üçün kompleks üsullar təklif edilmişdir.
II. Lay təzyiqinin və neftlədoymanın konturdakı qiymətlərinin onların orta qiymətlərinə bərabər olmamasını nəzərə almaqla həll olmuş qaz və qazlı neftin su ilə sıxışdırılması rejimlərində istismar olunan neft yataqlarının işlənilməsinin hidrodinamiki hesablama üsulları inkişaf etdirilmişdir. Bu zaman qazlı mayenin su ilə sıxışdırılması halı üçün neftin fiktiv özlülüyünün təyini üsulları işlənib hazırlanmışdır. Yatağın qeyri-bircinsliyi və çoxlaylığı hallarına uyğun məsələlər tədqiq olunmuşdur.
Təklif olunmuş bu üsullar Azərbaycanın Palçıq pilpiləsi, Cənub, Neft daşları və s. kimi dəniz neft və qaz yataqlarının işlənilməsi üzrə tərtib olunan sənədlərdə istifadə olunmuşdur.
III. Çox dərində, dəniz akvatoriyasında və digər mürəkkəb təbii şəraitdə (anomal yüksək lay təzyiqi, quyunun yüksək məhsuldarlığı, quyunun yüksək quyuağzı təzyiqi və s. olduğu hallarda) yerləşən çoxlaylı neft və qaz yataqlarında baş verən süzülmə proseslərini öyrənmək üçün yeni və effektiv hidrodinamiki üsullar yaradılmışdır. Müxtəlif rejimlərdə və üsullarla istismar olunan çoxlaylı neft və qaz yataqlarının işlənilməsini tənzim etmək məqsədilə müəyyən hidroqazodinamiki məsələlər formulə olunmuş və həll edilmişdir.
Laylarının bir-biri ilə əlaqəli və izolə olunmasını nəzərdə tutan iki çoxlaylı neft yatağı modeli əsasında onun istismarını və ya sulaşmasını zamanca müəyyən etməklə ayrı-ayrı layların işlənilməsinin tənzimlənməsini təmin etməyə imkan verən hidroqazodinamiki hesablanma üsulları işlənib hazırlanmışdır. Təklif olunan üsulların tətbiqi ilə aparılmış hesablamalar və alınan nəticələr bu tipli yataqların işlənilməsi zamanı ayrı-ayrı layların neft-qaz verimini, bütövlükdə, bütün yatağın neft-qaz verimini artırmağa və müxtəlif tənzimlənmə prinsiplərini həyata keçirməyə imkan vermişdir.
IV. Quyuların hidroqazodinamik tədqiqatının nəzəri əsasları və bu tədqiqat nəticələrinin interpretasiya üsulları inkişaf etdirilmişdir.
V. Layların keçiriciliyə görə qeyri-bircinsliyini, onların mailliyini, quyuların debitlərinin müxtəlifliyini, ilkin neft konturunun formasını, hasilat və vurucu quyuların yerləşdirilməsini nəzərə almaqla quyuların sulaşmasını, onların qarşılıqlı təsirini, neft konturunun hərəkətini öyrənməyə imkan verən çoxlu sayda tədqiqatlar aparılmış və bu məsələlərin bir sıra dəqiq həlləri əldə edilmişdir.
VI. Quyuların qarşılıqlı təsirini, laylar arasındakı əlaqənin müxtəlif növdə olmasını, kollektorların və onlarda olan qazın real xassələrini nəzərə almaqla qaz və subasqı rejimlərində istismar olunan çoxlaylı qaz yataqlarının işlənilməsinin hidroqazodinamiki hesablama üsulları təklif olunmuşdur.
VII. Müxtəlif keçiricikli hissələrdən (fraqmentlərdən) təşkil olunan qeyri-bircins laylarda mayenin tam və natamam quyular sisteminə axın xüsusiyyəti tədqiq edilmişdir. Müəyyən formalı qeyri-bircins lay ortoqonal düz xətlər şəbəkəsi vasitəsilə müxtəlif keçiricikli hissələrə ayrılmış və bu lay modeli üçün təzyiq paylanmasının təyininə imkan verən sərhəd məsələsi formulə edilmişdir. Qeyri-bircins laylar üçün təklif olunmuş bu tip lay modelləri öz sadəliyi və ümumiliyi ilə səciyyələnirlər. Quyularda debitlər və təzyiqlər arasında alınmış təqribi asılılıqlar əsasında quyuların qarşılıqlı təsirini (interferensiyasını) nəzərə almaqla lay təzyiqlərini, qeyri-bircins layların hidrokeçiriciliklərini təyin etmək üçün metodika hazırlanmışdır ki, bundan da Palçıq pilpiləsi neft yatağında lay təzyiqləri və hidrokeçiriciliklərin təyini üçün quyuların hidrodinamik tədqiqat məlumatlarının işlənilməsində istifadə edilmişdir.
VIII. Qeyri-bircins mühitlərdə böyük sinif fəza məsələlərinin həllinə imkan verən kifayət qədər yüksək dəqiqlik dərəcəsinə malik olan üsul işlənib hazırlanmışdır. Bircinsli və təbəqəli qeyri-bircinsli laylardan təşkil olunmuş yataqlarda mayenin natamam və süzgəci nisbətən tutulmuş quyuya axın düsturu alınmış və layda olan keçilməz sərhəddin və hidravliki yarılmanın quyuların məhsuldarlığına təsiri, bu şəraitlərdə quyuların interferensiyası və s. müəyyən edilmişdir.
IX. Dərin yatımlı çatlı kollektorlarda flüidin və kollektorun fiziki parametrlərinin təzyiqdən asılı olaraq dəyişməsini nəzərə almaqla mayenin süzülmə məsələləri tədqiq edilmişdir. Bu məqsədlə xəttiləşdirilmiş diferensial tənliklərdən istifadə olunmuş və quyuların natamamlığını və qarşılıqlı təsirini, layın qeyri-bircinsliyini və həndəsi quruluşunu, prosesin qeyri-stasionarlığını nəzərə almaqla bir sıra məsələlərin analitik həlləri alınmışdır. Habelə, subasqı rejimi şəraitində neft və suyun özlülüklərinin müxtəlifliyi nəzərə alınmaqla su-neft konturunun yerdəyişməsi və quyuların sulaşması prosesləri öyrənilmişdir.
X. Relaksasiya effektlərinin yatağın işlənmə prosesinin dinamikasına təsirini öyrənmək məqsədilə bircins flüidlərin qeyri-taraz süzülməsinin düz və tərs məsələlərinin kompleks nəzəri tədqiqatları aparılmışdır.
XI. Termiki təsir üsulunun tətbiq edilməsi ilə tərtib olunan texnoloji sxemlərin, işlənmə layihələrinin, işlənmə prosesinin analizi ilə əlaqədar digər hesablamalarla bərabər, eyni zamanda istiliyin müxtəlif məhsuldar laylarda toplanması, onun eyni zamanda daxili və xarici qeyri-məhsuldar laylara keçməsi və mürəkkəb hidrodinamiki şəraitdə termiki sulaşdırma prosesinin effektivliyini təyin etmək üçün müəyyən hesablamalar da aparılır. Məlumdur ki, bu vacib xarakteristikaların müəyyən olunması neft yataqlarında temperatur sahəsinin paylanmasının təyininin real lay şəraitini nəzərə alan dayanıqlı hesablama sxemləri əsasında mümkündür. Bu məqsədlə müxtəlif formalı bir və çoxlaylı neft yataqlarında termiki təsir üsullarının riyazi modelləşdirilməsi ilə əlaqədar kompleks tədqiqat işləri aparılmışdır.