Ana Səhifə / Xəbərlər

Xəbərlər

30 Jan 2020 Diqər xəbərlər Diqər xəbərlər

YANAR ŞİSTLƏRİN TƏDQİQATLARI GENİŞLƏNDİRİLİR


30 yanvar 2020-ci il

Geologiya və Geofizika İnstitutu “Palçıq vulkanizmi” şöbəsi 2000-ci ildən başlayaraq Azərbaycanda böyük ehtiyata malik, neft-qazdan sonra ən perspektivli yanacaq-enerji və xammal resurslarımız hesab edilən yanar şistlərin hərtərəfli tədqiqi ilə məşğuldur, həm də ölkədə yeganədir.

BMT-nin Baş Assambleyasının 33/148 saylı Qətnaməsində yanar şistlər dünyanın yeni perspektivli enerji mənbələri sırasına daxil edilmişdir. Belə ki, hazırda dünya üzrə yanar şistlərdən maye yanacağın, karbohidrogen qazlarının, elektrik enerjisinin, sementin, gübrənin, həmçinin naşatır spirtinin, ixtiol mazının, eləcə də çoxsaylı digər neft-kimya və tikinti məhsullarının alınmasında xammal kimi istifadə edən ölkələr sırasında ABŞ-ı, Çini, Fransanı, Almaniyanı, Estoniyanı, Rusiyanı və Avstraliyanı misal göstərmək olar.

Abşeron, Qobustan, Şamaxı, Quba və İsmayıllı rayonlarında 60-dan çox yanar şistli yataq və təzahürləri mövcuddur ki, onlar ötən il ərizində də tədqiq olunmuşlar.
İlk dəfə olaraq Azərbaycanın yanar şist və təbii bitum ehtiyatları adlı xəritə (1:1000000 miqyasında) hazırlanmışdır. Bundan əlavə, yanar şistlərin paylanma qanunauyğunluqları, mineraloji və kimyəvi tərkibi öyrənilmiş, onların əmələgəlməsi haqqında yeni fikirlər formalaşdırılmışdır.

Azərbaycanın yanar şistləri 16 xarici ölkənin şistləri ilə eyni geokimyəvi parametrlər üzrə müqayisəsindən müəyyən edilmişdir ki, respublikamızın Diyallı, Quba, Böyük və Kiçik Siyəki, Cəngiçay, Cəngidağ və Keçəllər kimi yataqlarının yanar şistləri xarici ölkələrdən yalnız Estoniya və Avstraliyanın (Sidney yatağı) şistlərindən keyfiyyətcə geri qalır.

Aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq, Azərbaycan ərazisində, xüsusilə Qobustanda yer üzərinə çıxan yanar şistlərin və eyni zamanda, palçıq vulkanlarının püskürmə məhsulları arasında rast gəlinən şistli süxurların üzvi-geokimyəvi və strtatiqrafik yatım xüsusiyyətləri nəzərə alınmaqla, onların potensial neft əmələgətirən ana süxur kimi perspektivlikləri qiymətləndirilmiş, şist qazının istismarının mümkünlüyü məsələsi gündəmə gətirilmişdir.

Hazırda AMEA Geologiya və Geofizika İnstitutu, AMEA akademik M.Nağıyev adına Kataliz və AMEA Qeyri-üzvi Kimya İnstitutu və Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında bağlanmış elmi əməkdaşlıq müqaviləsinə görə Azərbaycanın yanar şistlərinin əsasında gübrənın hazırlanma texnologiyasının işlənilməsi və kənd təsərrüfatında tətbiqi istiqamətində tədqiqatlar davam etdirilir. Bundan başqa, yanar şistlərin zəngin kimyəvi tərkibi nəzərə alınmaqla katalizator xüsusiyyətlərinin tədqiqi və sınanması məsələsi də M.Nağıyev adına Kataliz və AMEA Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları ilə birgə həyata keçirilməkdədir.







GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru