
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
07 Feb 2020
Diqər xəbərlər
AKADEMİK RAMİZ MƏMMƏDOVUN 70 İLLİK YUBİLEYİ QEYD EDİLİB
06 fevral 2020-ci il
AMEA-da Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 illiyinə həsr olunmu tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə foyedə alimin həyat və elmi fəaliyyətini əks etdirən stendlə tanış olublar.
AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev tədbiri giriş sözü ilə açaraq akademik Ramiz Məmmədovun Azərbaycanda coğrafiya elminin inkişafında və təbliğində müstəsna rolu olduğunu qeyd edib. Bildirib ki, yüksək analitik təfəkkürə malik olan alimin landşaft planlaşdırılması və Xəzər dənizinə dair apardığı tədqiqatlar Azərbaycanda coğrafiya elminin nəzəri və praktiki əhəmiyyətinin artmasına təkan verib.
Sonra Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Fəxrəddin Qədirov yubilyarın həyat və fəaliyyəti haqqında məruzə edib. Bildirib ki, 1972-ci ildə indiki Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirən R.Məmmədov elmi fəaliyyətə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlayıb. O, müxtəlif illərdə Moskva Okeanologiya İnstitutunda təcrübə keçib və aspirantura təhsili alıb, 1989-cu ildən isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirib.
R.Məmmədovun 2012-ci ildən Coğrafiya İnstitutuna rəhbərlik etdiyini deyən məruzəçi bildirib ki, alimin elmi tədqiqatları Xəzər dənizinin aktual problemlərinə - hidrologiyasına, hidrofizikasına, atmosferlə dənizin qarşılıqlı təsirinə, dənizdə turbulent mübadilə və turbulent diffuziyanın tədqiqinə həsr olunub. O, R.Məmmədovun Xəzərin ekocoğrafiyası, iqlim dəyişmələrinin ona təsiri isitqamətində də ciddi araşdırmalar apardığını, alimin bu sahədə uzunmüddətli tədqiqatlarının ümumiləşdirilmiş nəticələrinin “Hidrometeoroloji dəyişkənlik və Xəzər dənizinin ekocoğrafı problemləri” kitabında, eləcə də “Xəzər dənizinin hidrometeorologiyası” atlasında əksini tapdığını bildirib.
Daha sonra Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovun "Xəzər dənizinin böyük tədqiqatçısı" və həmin müəssisənin şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılovun "Azərbaycanda landşaft planlaşdırılmasının banisi" mövzusunda məruzələri dinlənilib.
Sonra Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvləri - Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri İslam Mustafayev, İqtisadiyyat İnstitutunun şöbə müdiri Şahbaz Muradov, Torpaqşünaslıq İnstitutunun direktoru Əlövsət Quliyev, AMEA Azad Həmkarlar Təşkilatının sədri, professor Habil Qurbanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri, professor Rza Mahmudov, BDU Coğrafiya Fakültəsinin dekanı Şəkər Məmmədova, Fizika İnstitutunun laboratoriya rəhbəri, professor Hidayət Nuriyev, Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya elmləri doktoru Əmir Əliyev və başqaları yubilyarı təbriklə çıxış edib, ona can sağlığı, gələcək elmi və təşkilati fəaliyyətində böyük uğurlar arzulayıblar.




AMEA akademik. H. Əliyev adına
Coğrafiya İnstitutunun
ictimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 538-59 76
mob. (050) 630-10-21
xrzazadeh@gmail.com