Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Feb 2020 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB


28 fevral 2020-ci il

GGİ-də növbəti Elmi Şuranın iclası keçirilib.

İclası giriş sözü ilə açan müəssisənin direktoru akademik Akif Əlizadə iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib və məruzə üçün sözü “Müasir geodinamika və kosmik geodeziya" şöbəsinin baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru Oqtay Babazadəyə verib.

O.Babazadənin “Yeni seysmoloji strategiya əsasında Qafqaz-İran bölgəsi üçün zəlzələlərin praktik proqnozu” mövzusunda məruzəsi konkret blok sturkturlarında hazırlanmaqda olan güclü zəlzələlərin ocaq zonalarının aşkar edilməsinin yeni imkanlarının mövcudluğuna, bu zəlzələlərin hazırlanmasının geo-mexaniki və fiziki proseslərinin tədqiqatı üzrə yanaşmaların öyrənilməsinə və seysmik təhlükənin qiymətləndirilməsinin dəqiqləşdirilməsinə həsr olunub. Bildirilib ki, ocaq zonalarında qırılma strukturların və güclü zəlzələlərdən qabaq müşahidə edilən seysmogeodinamik proseslərin çoxillik tədqiqatları nəticəsində Qafqaz-İran bölgəsində güclü zəlzələlərin ehtimal olunan yerlərinin proqnozu və onların yüksək ehtimalla baş vermə zamanının qiymətləndirilməsi istiqamətində maraqlı elmi nəticələr alınıb. Litosfer plitələrin, mikroplitələrin və yer qabığı bloklarının qarşılıqlı kinematik və dinamik hərəkətlərinin təhlili, zəlzələlərin potensial ocaqlarının tədqiqatı və ocaq seysmologiyanın inkişafı məqsədilə geniş geoloji-geofiziki və seysmogeodinamik məlumatlar toplanılıb. Alınmış nəticələr nüfuzlu jurnal, toplularda və monoqrafiyada dərc olunub.

Məruzəçi iclas iştirakçılarının çoxsaylı suallarını cavablandırandan sonra mövzu ətrafında çıxışlar dinlənilib.

Sonra Elmi Şuranın iclasında ETİ proqramlarının müzakirəsi keçirilib.

“Aralıq dənizi qırışıqlıq zonasının Qafqaz seqmentinin qələvi və sub-qələvi maqmatizmi” (akademik A.C.İsmayıl-Zadə, g.-m.e.d., prof. M.N.Məmmədov), “Aralıq dənizi qırışıqlıq zonasının Qafqaz seqmentinin qələvi və sub¬qələvi maqmatik komplekslərinin mineraloji xüsusiyyətləri və petrologiyası” (akademik A.C.İsmayıl-Zadə, g.-m.e.d., prof. M.N.Məmmədov), “Azərbaycanın maqmatik komplekslərinin petrokimyası üzrə bank məlumatları (akademik A.C.İsmayıl-Zadə, g.-m.e.d., prof. M.N.Məmmədov), “Azərbaycanın paleontoloji atlasının hazırlanması” (akademik Ak.A.Əlizadə, AMEA müxbir üzvü E.H.-M.Əliyeva, b.e.n. T.M.Eybatov) mövzusunda ETİ proqramları müzakirə edilərək qəbul edilib.

Həmçinin “Azərbaycanın geotermal Atlası və geotermal enerji resursları Kadastrının tərtib edilməsi” ETİ-nin yerinə yetirilməsinin gedişatı haqqında g.-m.e.d. Əbdülvahab Muxtarovun və Geologiya və Geofizika İnstitutunun magistrantlarının attestasiyasının yekunları haqqında y.e.f.d. Səadət Ələkbərovanın məlumatı dinlənilib.

Sonda Geologiya və Geofizika İnstitutunda çalışan BDU-nun magistrantlarının dissertasiya işləri mövzularının təsdiqi, digər cari və təşkilati məsələlərə baxılıb.











GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru