
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 Sep 2020
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ ONLAYN İCLASI
18 sentyabr 2020-ci il
Geologiya və Geofizika İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. Karantin qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsi şəraitində keçən iclasda Elmi şura üzvlərinin onlayn iştirakı təmin edilib. GGİ-nin direktoru akademik Akif Əlizadənin sədrliyi ilə aparılmış tədbirdə İnstitutun pandemiya dövründə dünyasını dəyişmiş əməkdaşlarının – akademik Arif İsmayıl-Zadənin, g.-m.e.d. Çingiz Kaşkayın və g.-m.e.d., professor Mənijə İsayevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sədr eyni zamanda elmi müəssisənin hazırda fəaliyyət göstərən aparıcı alimlərin – g.-m.e.d., professor Adil Əliyevin, AMEA-nın müxbir üzvü Elmira Əliyevanın və g.-m.e.d., professor Musa Məmmədovun yubileylərini GGİ kollektivi adından təbrik edib, elmə verdikləri töhfələri yüksək qiymətləndirib və onlara uğurlar arzulayıb.
Akademik A.Əlizadə sonra Elmi şura iclasının iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq AMEA-nın müxbir üzvü Tələt Kəngərli ETİ-lərin yerinə yetirilməsinin gedişatı çərçivəsində “Tektonik və paleomaqnit məlumatlar əsasında Şərqi Qafqaz və ətraf regionların yer qabığı bloklarının ayrılması və onların paleozoy və mezozoyda üfüqi hərəkətlərinin rekonstruksiyası (2018–2020)” mövzusunun icrası barədə məlumat verib. Bildirib ki, elmi-təqdiqat işlərini görmək üçün lazım olan avadanlıqları ölkədən kənardan almaq pandemiya şəraitində mümkün olmadığından icra işləri tamamlanmayıb. Elmi şura elmi-tədqiqat işinin dayandırılmasını və tədqiqatların yeni mövzu üzrə aparılmasını qərara alıb.
Gündəlikdə duran “Geoloji mühitin müasir geodinamikanı nəzərə alan Berç diaqramları” mövzusu üzrə akademik Hətəm Quliyevin məruzəsi maraqla dinlənilib. Akademik işlədiyi mövzunun yeni konsepsiyası barədə məlumat verib və dünya elminə töhfə verəcək elmi axtarışlarının daha səmərəli olması üçün yardıma ehtiyac duyulduğunu dilə gətirib. İnstitutun direktoru akademik A.Əlizadə təklif edib ki, görüləcək işlərin miqyası və əhəmiyyəti nəzərə alınaraq yeni elmi qüvvələri cəlb etməklə ölkənin ixtisas üzrə qabaqcıl mütəxəssislərinin müştərək işləyə biləcəyi bir mərkəzin yaradılması zəruridir. İlkin olaraq həmin qurumun nizamnaməsinin və hüquqi əsaslarının hazırlanması tələb olunur. Sonrakı mərhələdə AMEA-nın Rəyasət Heyətində bu məsələnin müzakirəsi keçirilməli və müvafiq qərarla respublika rəhbərliyinə müraciət edilməlidir.
Elmi şurada həmçinin SSRİ Elmlər Akademiyasının müxbir üzvü Əli Əmiraslanovun 120 illik yubileyinin keçirilməsi, Geologiya və Geofizika İnstitutunun Elmi şurasının tərkibinin qismən dəyişdirilməsi, İnstitutun strukturunda qismən dəyişikliklər haqqında qərarlar da qəbul edilib.
Belə ki, İnstitutun strukturunda mövcud olan Müasir geodinamika və kosmik geodeziya və Mühəndisi geofizika şöbələri birləşdirilib. Akademik Fəxrəddin Qədirov ictimai əsaslarla yeni - Müasir geodinamika və kosmik geodeziya şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib. Həmçinin Petrologiya şöbəsi və Mineralogiya və geokimya sektoru birləşdirilib. G.-m.e.d., professor Musa Məmmədova müsabiqəyə qədər yeni Petrologiya şöbəsinin vakant olan rəhbəri vəzifəsini icra etmək həvalə edilib. Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyası və geokimyası şöbəsinin adı isə dəyişdirilərək Filiz-maqmatik sistemləri adlandırılıb.
Y.e.e.d. Qulam Babayev Geologiya və Geofizika İnstitutunun Massaçusets Texnologiyalar İnstitutu ilə birgə apardığı elmi-tədqiqat işləri haqqında və AMEA-İtaliya Milli Tədqiqatlar Şurası (CNR) proqramı çərçivəsində aparılan müştərək elmi-tədqiqat işləri barədə Elmi şura üzvlərini məlumatlandırıb.
İclasda UNESCO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər haqqında AMEA müxbir üzvü Tələt Kəngərlinin hesabatı qəbul edilib.
Daha sonra Geologiya və Geofizika İnstitutunun magistraturasına 2020/2021-ci tədris ili üzrə qəbulun yekunları haqqında, gənc alimlərin və tələbələrin “Geologiya və geofizikada innovasiyalar” mövzusunda VIII ənənəvi beynəlxalq elmi konfransı barədə, İnstitutun bir neçə əməkdaşının ştatda vakant olan vəzifələri tutmaq üçün müsabiqədə iştirakı və digər müxtəlif məsələlər müzakirə edilib.



