
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
22 Oct 2020
Diqər xəbərlər
REGİONDA İNKİŞAF TAPMIŞ STRUKTUR-MADDİ KOMPLEKSLƏRİN QARŞILIQLI MÜNASİBƏTLƏRİ TƏDQİQ EDİLİR
22 oktyabr 2020-ci il
Geologiya və Geofizika İnstitutunun (GGİ) Geotektonika və regional geologiya şöbəsi “Şərqi Qafqaz və yanaşı Xəzər akvatoriyası struktur-maddi komplekslərinin dərinlik tektonikası və geodinamik təkamülü modelləri” mövzusu istiqamətində ətraflı elmi-tədqiqat işini davam etdirir.Bu ildən başlayan elmi tədqiqatlar 5 il ərzində aparılacaq.
GGİ Regional geologiya, geodinamika və metallogeniya seksiyasının rəhbəri AMEA-nın müxbir üzvü Tələt Kəngərli bildirib ki, mövzu çərçivəsində ilkin olaraq regionda inkişaf tapmış müxtəlif yaşlı struktur-maddi komplekslərin qarşılıqlı münasibətləri, dərinlik və yarılma tektonikası modellərinin işlənib hazırlanması nəzərdə tutulur. Bu çərçivədə görülən işlər siyahısına seçilmiş geotraverslər üzrə dərinlik geoloji-geofiziki kəsilişlərin tərtibi, çöküntüəmələgəlmə, maqmatizm və tektonik proseslərinin rekonstruksiyası, müasir geodinamik və seysmik proseslər arasında korrelyativ asılılıqların təhlili, Yer qabığının blok tektonikası və müxtəlif struktur-maddi komplekslərin səthləri üzrə struktur xəritə-modellərin tərtibi, paleomaqnit məlumatlar əsasında tektonik blokların kinematik parametrlərinin təyin edilməsi daxildir.
Elmi-tədqiqat işinin ikinci mərhələsində əldə edilmiş nəticələrin və paleomaqnit məlumatların birgə emalı əsasında regionu təşkil edən tektonik blokların Fanerozoyda üfüqi hərəkətlərinin geosistem əsaslı rekonstruksiyası (palinspastik modelləşdirilməsi) həyata keçiriləcək.
Elmi-tədqiqat işi Geologiya və Geofizika İnstitutunun Seysmostra-tiqrafiya, Seysmologiya və seysmik təhlükə, Müasir geodinamika və kosmik geodeziya, Petrologiya, Eksperimental petrofizika şəbələri, həmçinin AMEA Neft və Qaz İnstitutunun Böyük dərinliklər geofizikası şöbəsi, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi və ETSN Milli Geoloji Xidmətinin Kompleks Geoloji-Planalma İdarəsinin mütəxəssisləri ilə birlikdə görülür.
Tədqiqatlar çöl və kameral metodların sintezi əsasında aparılır. Çöl tədqiqatları ölkənin dağlıq ərazilərində geoloji planalma, məqsədli tematik araşdırma, seçilmiş geotraverslər üzrə əlavə paleomaqnit nümunələrinin götürülmə üsullarının tətbiqi ilə reallaşmaqdadır. Kameral tədqiqatlar çərçivəsində faktiki materialların təhlili, GİS-əsaslı modelləmə üsullarının tədbiqi ilə tektonik və paleomaqnit yenidənqurmaları plan üzrə həyata keçiriləcəkdir.
Tələt Kəngərli onu da əlavə edib ki, bundan sonra da əldə ediləcək nəticələr müxtəlif istiqamətli geoloji elmi tədqiqatlar, geoloji planalma və geoloji kəşfiyyat işlərində, orta və uzunmüddətli perspektivdə filiz və karbohidrigen ehtiyatlarının artırılmasına yönəlmiş geoloji kəşfiyyat işlərinin əsaslandırılmasında və digər sahələrdə istifadə edilə bilər.
