Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Oct 2020 Diqər xəbərlər Diqər xəbərlər

SOCAR-ın QRANT ÜZRƏ TƏDQİQATLARI DAVAM EDİR


 29 oktyabr 2020-ci il

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən elan olunmuş 2019-cu il müsabiqəsinin qalibi, AMEA-nın Neft və Qaz, Geologiya və Geofizika İnstitutlarının, eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşlarından ibarət tədqiqat qrupu “Cənubi Xəzər çökəkliyində seysmik kəşfiyyat və qravimetrik sahə məlumatları əsasında qeyri-struktur tipli tələlərin aşkarlanma metodikasının işlənilməsi” (02 LR AMEA ) mövzusunun icrası üzrə ümumi və fərdi planlara uyğun işləri davam etdirir. Qrant layihəsinin icra müddəti 18 ay olub gələn il mart ayının 10-da tamamlanması nəzərdə tutulur.

Tədqiqat işi bu istiqamət üzrə toplanmış ümumdünya və respublika təcrübəsinin və əvvəllər yerinə yetirilmiş geniş miqyaslı geoloji –geofiziki tədqiqatların nəticələrinin ümumiləşdirilməsini tələb etdiyindən Neft və Qaz İnstitutunun direktoru akademik Fəxrəddin Qədirovun rəhbərlik etdiyi tədqiqat qrupu bu sahəyə xüsusi diqqət yetirmişdir.

Ümumiləşdirmə üzrə tədqiqatların nəticələri qrupun iclaslarında müzakirə edilmiş və mövzu üzrə tədqiqatların davam etdirilməsi üçün istiqamətlər dəqiqləşdirilmiş, ümumi fikirlər əsasında Azərbaycanda aşkarlanması mümkün ola biləcək qeyri-struktur növlü karbohidrogen tələlərinin modelləri seçilmişdir.
Tədqiqatların ikinci mərhələsində qrup tərəfindən seçilmiş modellərə əsasən geofiziki dalğa sahələri hesablanmış, onların əsasında seysmik və qravimetrik tədqiqat üsullarının həlledicilik qabiliyyətləri tədqiq edilmişdir.

Ümumiləşdirmə işlərinin əsasında aşkarlana biləcəyi güman edilən karbohidrogen tələlərinin geoloji kəsilişin müxtəlif dərinliklərində yerləşəcəyi və onların həndəsi ölçüləri nəzərə alınmaqla hər iki geofiziki kəşfiyyat üsulunun şaquli və üfüqi istiqamətlərdə həlledicilik qabiliyyətləri müəyyənləşdirilmişdir. Qeyri-antiklinal növlü karbohidrogen tələlərinin axtarışı və onların geoloji kəsilişinin proqnozlaşdırılması üçün bir sıra metodiki göstəricilər müəyyən edilmişdir.

Əldə edilmiş tədqiqat nəticələrinin real material üzərində approbasiyası aparılmışdır və nəticələrin müsbət olduğu müəyyənləşdirilmişdir.

Hazırda qrup tərəfindən tədqiqat işinin planına uyğun işlər davam etdirilir.