
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
13 Nov 2020
Diqər xəbərlər
GGİ-də AZAD EDİLMİŞ QARABAĞ ƏRAZİSİNDƏ REALLAŞACAQ ELMI-TƏDQİQAT İŞLƏRİ İLƏ BAĞLİ TƏDBİR KEÇİRİLİB
13 noyabr 2020-ci il
AMEA Geologiya və Geofizika İnstitutunda Dağlıq Qarabağın azad edilmiş ərazilərində müdafiə tematikası üzrə reallaşacaq elmi-tədqiqat işləri proqramları ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə müharibə dövründə xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi sıx birləşdiyini və bu amilin ölkəmizin müdafiə gücünü daha da artırdığını, nəticədə müzəffər ordumuzun hərbi əməliyyatlarda qələbə qazanmasına zəmin yaratdığnı bildirib.
Akademik Akif Əlizadə zəngin yeraltı və yerüstü sərvətə malik Qarbağın işğaldan azad edilmiş ərazilərinin müasir texnologiyadan istifadə etməklə geoloji və geofiziki istiqamətdə aparılacaq işlərdə müəssisə əməkdaşlarının xidmətinin zıruriliyini nəzərə çatdırıb. Sonra İnstitutun alim-mütəxəssisləri aparılacaq elmi-tədqiqat işlərinin proqramları barədə məlumat veriblər.
Akademik Fəxrəddin Qədirov erməni işğalçıların Qarabağda illər ərzində yeraltı hərbi istehkamlar, müxtəlif məntəqələrlə əlaqə yolları, tunellər, silah-sursat anbarları, ekologiyaya ziyan vuran digər obyektlər inşa etdiklərini nəzərə alaraq bu yeraltı təxribat tikililərini aşkarlamaq, uyğun xəritə hazırlamaq üçün Azərkosmos şirkəti və digər müvafiq təşkilatlara, mütəxəssislərlə birgə iş görməyin vacibliyini bildirib.
AMEA müxbir üzvü Çingiz Əliyev “Dağlıq Qarabağın azad edilmiş ərazilərində müasir avadanlıqlardan istifadə etməklə radioaktiv çirklənmə zonalarının müəyyənləşdirilməsi və tədqiqi” elmi-tədqiqat işi ilə bağlı məlumat verərək bildirib ki, işğaldan azad edilmiş ərazilərdə radioekoloji monitorinqin təşkilİ, müasir mobil texnologiyanın tətbiqi ilə radioekoloji vəziyyətin ümumi şəkildə qiymətləndirilməsi həyata keçiriləcək. Səthi və yeraltı suların radioekoloji vəziyyətinin öyrənilməsi, təhlili, azad edilmiş ərazilərdə “qaynar nöqtələrin” aşkar edilməsi, onların geoloji xüsusiyyətlərinin öyrənilməsi və əsas radioekoloji çirklənmə mənbələrinin müəyyənləşdirilməsi də nəzərdə tutulub. Həmçinin antropogen çirklənmə mənbələrinin ləğvi və ərazilərin radioekoloji reabilitasiyası üçün elmi cəhətdən əsaslandırılmış tədbirlər planının hazırlanması işi reallaşdırılacaq.
AMEA-nın müxbir üzvü Tələt Kəngərli ilə Geologiya-mineralogiya elmləri doktoru, professor Musa Məmmədovun birgə niyyətinə görə, Qarabağ ərazisində Yer qabığının geoloji-tektonik quruluşunun son dərəcə mürəkkəbliyi və müxtəlifliyi, burada geniş spektrə malik istər endogen, istərsə də ekzogen mənşəli faydalı qazıntıların aparılmasına zəmin yaranıb. Onların sözlərinə görə, bölgədə 160-dan çox müxtəlif qiymətli metal yataqlarını Ermənistan siyasi rəhbərliyi qanunsuz olaraq vəhşicəsinə istismar edib. Mütəxəssislər onu da vurğulayıblar ki, işğaldan tam azad olunmuş Qarabağ ərazisinin yeraltı və yerüstü sərvətlərinin mövcud vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını qiymətləndirmək, geoloji-kəşfiyyat işlərini müasir üsullarla aparmaq üçün akademiya alimlərinin üzərinə böyük vəzifə düşür.
Aparıcı mütəxəssis Tariel Hüseynov Azərbaycan ərazisində su anbarlarının təhlükəsizliyindən, xüsusən də 30 il erməni işğalçılarının nəzarətində olmuş Sərsəng su anbarına yeni texniki baxış və onun təhlükəsizlik dinamikasını əks etdirən modelini yaratmaq təşəbbüsündən danışıb. Həmçinin bu mövzuya həsr olunmuş videorolik nümayiş etdirilib.
Coğrafiya elmləri doktoru Vaqif Məmmədov su ehtiyatları, mənbəyi qonşu ölkələrdə olan çay sularının keyfiyyəti və ehtiyatının monitorinqinə ciddi ehtiyac, həyat mənbəyi olan sudan düzgün istifadənin vacibliyi barədə geniş şərh verib.
Sonda AMEA Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərlyi ilə müzəffər ordumuzun azad etdiyi ərazilərdə böyük quruculuq işləri proqramına, şübhəsiz ki, kompleks geoloji və geofiziki elmi-tədqiqat işləri də daxildir və İnstitut alimləri səmərəli fəaliyyətlərilə fərqlənməyə hazırlaşmalıdırlar.


AMEA Geologiya və Geofizika İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsi.
nazarli@yandex.ru
(050) 370 88 44