Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Jan 2021 Diqər xəbərlər Diqər xəbərlər

ALİMLƏRİN UCUZ ÜZVİ MİNERAL GÜBRƏ İXTİRALARI UĞURLA DAVAM EDİR

 
28 yanvar 2021-ci il

AMEA Gelogiya və Geofizika İnstitutunun əməkdaşı professor Mirəli Alosmanovun rəhbərliyi ilə M.Nağıyev adına "Kataliz və Qeyri-üzvi kimya", Torpaqşunaslıq və Aqrokimya İnstitutlarının bir qrup alimi son illərdə "Dağ-mədən və neft sənayesi tullantılarının emalı üsulu" adlı patent (İ20180022) almışdır. Patent neft quyularının ətrafında tullantı kimi qalaraq istifadə olunmayan, yay zamanı toz, qış vaxtı isə bataqlıq mənbəyi kimi ekoloji tarazlığı pozan şlamın, həmçinin kifayət qədər ehtiyatı olan fosfor, kalium, makro-mikro elementlər olan yerli birləşmənin faydalı istifadəsini təmin edən və çirklənmiş ərazilərdə ekoloji durumu yaxşılaşdıran ixtiraya görə verilib.

Həmin müddətdə alimlərə "Təbii faydalı qazıntılar və istehsalat tullantıları əsasında kompleks gübrə alınması üsulu"na görə daha bir patent də təqdim olunub.Bu ixtirada əsas xammal olaraq məişət mənbəli üzvi mineral kompleksindən, Neftçala Yod zavodunun tullantı suyundan, həmçinin əlavə makro-mikro element tərkibli palçıq vulkanı tullantılarından istifadə edilib.

Nəhayət, adıçəkilən alimlər çalışmalarının son mərhələsində hər iki patentdə istifadə olunan materiallar arasında lazımi seçim apararaq müəyyənləşdiriblər ki, indiyə qədər istifadə edilən xammallardan yeni üzvi mineral kompleks gübrə almaq mümkündür. Nəticədə 2020-ci ildə Salyan rayonunun Xələc kəndinin torpaq sahəsinə verilən yeni üzvi mineral kompleks gübrənin alınmasında məişət mənşəli üzvi mineral kompleksi, neft qazma quyusunun şlamı, Neftçala Yod zavodunun tullantı suyu, palçıq vulkanı tullantıları və əhəng mənşəli süxurlardan istifadə edilib.

Beləliklə, bu xammallar əsasında alınan üzvi mineral kompleks gübrə Xələc kəndində bir hektar torpaq sahəsinə verilib və bu sahədən 3500 kq pambıq əldə olunub. Qeyd edək ki, Xələc kəndində torpağın 1 hektarında həmişə ənənəvi üsulla alınan adi gübrədən istifadə olunub və 2800 kq pambıq alınıb.

Hazırda AMEA-nın Gelogiya və Geofizika, M.Nağıyev adına "Kataliz və Qeyri-üzvi kimya", Torpaqşunaslıq və Aqrokimya İnstitutlarının mütəxəssisləri professor Mirəli Alosmanovun, aparıcı elmi işçi Orxan Abbasovun, dosent Zarema Cabbarovanın və aqrar elmləri doktoru Musa Məmmədovun öz tədqiqatlarını davam etdirməkdə məqsədləri odur ki, yeni üzvi gübrənin daha ucuz başa gəldiyini və effektliyini nəzərə alaraq növbəti illərdə apardıqları elmi nəticələrini pambıqdan savayı digər kənd təsərrüfatı bitkilərinə də tətbiq etsinlər.

Məlumat üçün bildirək ki, ötən il ölkəyə idxal edilən 351,7 min ton gübrənin dəyəri 101,3 milyon dollar olub.Təkcə 2019-cu ildə dəyəri 114,3 milyon dollar olmaqla respublikamıza 335,9 min ton gübrə gətirilib.