Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Feb 2021 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA İLK DƏFƏ “AZƏRBAYCANIN PALEONTOLOJİ ATLASI” NƏŞRƏ HAZIRLANIR

 
02 fevral 2021-ci il

Ötən yüzilliyin əvvələrindən AMEA Geologiya və Geofizika İnstitutunun Paleontologiya şöbəsində Azərbaycanın əhəmiyyətli qazıntı qrupları kompleks şəkildə öyrənilir. Devondan Holosenədək yaş dövrünü əhatə edən qazıntı orqanizmlərinin kolleksiyası Həsən bəy Zərdabi adına Milli Təbiət Tarixi Muzeyində və AMEA Geologiya və Geofizika İnstitutunda qorunur. Əldə olunan məlumatlara əsasən paleontologiyaya aid çoxsaylı elmi işlər məqalə şəklində mütəmadi olaraq dərc olunur.

Hazırda isə AMEA Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru akademik Akif Əlizadənin rəhbərliyi ilə ilk dəfə “Azərbaycanın paleontoloji atlası” nəşrə hazırlanır. Bu məqsədlə Həsən bəy Zərdabi adına Milli Təbiət Tarixi Muzeyinin direktoru Tariel Eybatov, Geologiya və Geofizika İnstitutunun Paleofloristika sektorunun rəhbəri Şəfəq Bayramova və GGİ bir qrup mütəxəssisi yeni atlasın nəşrinə hazırlıq işlərilə bağlı layihə rəhbəri Akif Əlizadəyə məruzə ediblər. Müzakirə zamanı atlasın tərtibi ilə bağlı problemlərin həlli , görülən və görüləcək işlər barəsində qərar təsdiq edilib. Belə ki, müasir dizayn və illüstrasiya standartlarına cavab verən atlasda Azərbaycanın fauna və florasının öyrənilmə dərəcəsi və stratiqrafik cəhətdən əhəmiyyətli olan orqanizm qruplarının tərkibi haqqında məlumatlar əks olunacaq. Uzun illər ərzində toplanmış zəngin paleontoloji materiala əsasən “Paleontoloji atlas”ın üç cilddə nəşr olunması nəzərdə tutulur. Birinci cild Azərbaycanın onurğasızlar faunasına (mollyusklar, braxiopodlar, krinoideyalar, mikrofauna, mərcanlar və s.) həsr olunacaq. İkinci cilddə Azərbaycanın onurğalılar faunası (hipporion fauna, məməlilər, sürünənlər, quşlar və s.) yer alacaq.

Üçüncü cilddə isə ölkəmizdə paleofloristik tədqiqatlarının nəticələri (yarpaq flora, bitkilərin spor-tozcuğu, diatomlar, dinosistlər, nanoplankton və s.) haqqında materiallar cəmlənəcək.

“Azərbaycanın paleontoloji atlası”nın ilin sonuna kimi hazır olacağı nəzərdə tutulur.