Ana Səhifə / Xəbərlər

Xəbərlər

13 Apr 2011 Diqər xəbərlər Diqər xəbərlər

Binəqədi dördüncü dövr faunasi


Azərbaycanda onurğalı heyvan qalıqlarının axtarışına XIX əsrin ikinci yarısında başlanmışdır. Bunlar H.V.Abix, Q.V.Şeqren və digər tədqiqatçıların Qafqazda apardıqları ilk geoloji axtarışlarla bağlıdır. XX əsrin əvvəlində Azərbaycanda onurğalı fauna qalıqlarının öyrənilməsinə maraq daha da artır. Azərbaycan geologiyasının öyrənilməsi ilə yanaşı, təsadüf olunan paleontoloji qalıqların toplanmasında bir çox geoloqların böyük rolu olmuşdur. Buna 1900-cü ildə S.K.Kvitka, 1914-cü ildə N.M.Lednevun Neogen çöküntüləri içərisində rast gəldikləri sümüklər, 1901-1920-ci illərdə N.İ.Andrusovun, 1905-1914-cü illərdə D.V.Qolubyatnikovun, 1914-1916-ci illərdə İ.M.Qubkinin və b. topladıqları fauna kolleksiyalarını misal göstərmək olar. Lakin V.V.Boqaçovun 1919-cu ildən başlayaraq onurğalı heyvanlar üzərində apardığı tədqiqatları Azərbaycan paleontologiya elminin inkişafında xüsusi yer tutur.


Azərbaycanda onurğalılır faunasının öyrənilməsinin əsas inkişaf mərhələsi 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin 3-cü kurs tələbəsi A.S.Məstanzadə tərəfindən Binəqədi kəndi ətrafında Dördüncü dövr fauna qəbristanlığının kəşfi ilə bağlıdır. Binəqədi Dördüncü dövr fauna skeletləri Abşeron yarımadasının şimalında yerləşən Binəqədi qəsəbəsinin cənub-şərqində Qır gölü içərisində tapılmışdır. Geoloji nöqteyi - nəzərdən Abşeron yarımadası, o cümlədən Binəqədi rayonu dəqiq öyrənilmişdir. Burada Pliosen yaşlı süxurlar yer üzərinə çıxır. Palentoloji tədqiqatlar 1939-1942-ci illər ərzində Təbiət-Tarixi Muzeyi əməkdaşları tərəfindən müntəzəm aparılmışdır. Qazıntı nəticəsində məməlilər, quşlar və b. siniflərə mənsub olan küllü miqdarda osteoloji material toplanmışdır. Sonuncular onurğalı fauna qalıqlarını öyrənən paleontoloqların gələcək elmi tədqiqatı və inkişafı üçün böyük əhəmiyyət kəsb etdi. Binəqədi Qır gölündən toplanmış üzvi qalıqlar bolluğu, çeşidliyi etibari ilə dünyada zəngin paleontoloji obyektlərdən biridir. Binəqədi fauna məskəninin bir xüsusiyyəti də ondan ibarətdir ki, bitum layında tapılan sümüklərdən başqa burada bəzən quş sümüklərinin yanında mumlaşmış hissələrə də (bağlar, dəri, vətər parçaları) rast gəlinir. 1947-ci ildə aparılan çöl işləri zamanı flora qalıqları laylar aşkar olunur. Mütəxəssislərin təyinatına görə, Binəqədi gölündə toplanan floranın stratiqrafik yaşı Pliosen dövrünün sonlarına müvafiqdir. Tədqiqatçıların fikrincə, bu dövrdə Abşeron yarımadasında müasir dövrə nisbətən ağaclıq və kolluq daha zəngin olmuşdur. Floralı laylarda ardıc, püstə, armud ağaclarının gövdə, budaq və meyvələrinə rast gəlinir. Abşeronun qərbində ardıc ağacı müasir dövrdə də bitməkdədir. Bu ağac, Binəqədidə tapılmış püstə ağacı və söyüdyarpaqlı armudla birlikdə, Abşeronun daşlıkəsəkli yamaclarında və Binəqədi neft mədən ərazisinin bilavasitə yaxınlığında adi quraqlıq bitkilərindən ibarət meşə əmələ gətirmişdir. Binəqədidə nar ağacı və yabanı meyvələrin, üzüm tənəklərinin olması burada Mezofit ağac növlərinin mövcud olduğunu göstərir. Bu da, öz növbəsində, relyefdə alçaq ağacların və kölgəli şəraitin mövcud olmasını göstərir. Kolleksiyada quraqlıq sevən çətirşəkilli və soğanaqlı bitkilərin olması geoloji keçmişdə geniş kserofil düzənliklərin olduğunu sübut edir. Söyüd bataqlıq bitkilərin az da olsa gözə çarpan qalıqları o zamanlar Abşeronda göl və bataqlığın mövcud olmasına işarə edir. Beləliklə, Binəqədi ərazisində heyvanat və bitki aləminin tərkibi və onun təhlili göstərir ki, qədim zamanlarda Abşerondakı flora nisbətən daha mezofit, iqlim isə soyuq və rütubətli olmuşdur.


Qeyd olunmalıdır ki, Binəqədi Qır gölündən bir neçə km qərbdə Xırdalan, cənubda Keşlə, şimalda Digah yaşayış məntəqələrində dam örtüyü üçün qır əldə edilən zaman at dişi, gənc kərgədanın ayaq, kəllə və b. sümükləri tapılmışdır. Təəssüflər olsun ki, bu obyektlərdə dərin tədqiqatlar aparılmamışdır.


Binəqədi Qır gölündə fauna və flora qalıqlarının toplanması geoloqlar tərəfindən belə izah olunur: təxminən yüz min il öncə hazır ki, Binəqədi qamışlığının yerində göl olmuşdur. Gölün səthi süxurlardan sızan neftli pərdə ilə örtülü idi. Sahilləri isə bataqlıq olmuş, bəzi yerlərdə qamış bitmişdir. Gölün dibində isə bitum qatı əmələ gəlmişdi. Bu tip göllər Abşeronda indi də mövcuddur. Geoloqlar onları öyrənməklə Binəqədi gölünün quruması, qır qatının yaranması barəsində fərziyyələr söyləyirlər. Tapıntıların əksəriyyəti quş sümüklərindən ibarətdir. Onlar 100-dən artıq quş növünü müəyyən etməyə imkan vermişdir. Məməli heyvanların (39 növ) skeletləri isə nisbətən az tapılmışdır. Belə ki, suyun səthini örtən neft qatı quşlar üçün əsas təhlükə olub. Məlumdur ki, lələklər suyu quşun bədəninə buraxmır, quş suya qonan kimi bir neçə dəfə hərəkət etdikdən sonra mazuta bulaşır. Neft quş lələklərinin üzərini örtən yağı həll edərək, bədənin tiftik qatına qədər yeriməsinə imkan yaratmışdır. Bu isə öz növbəsində quşun xüsusi çəkisini artırmış, normal istilik rejimini və uçma qabiliyyətini pozmuşdur. Quşlar özlərini təmizləmək istəyəndə neft həzm aparatına düşmüş və beləliklə, zəifləşmiş quşlar zəhərlənib tələf olmuşlar. Tədqiqatlar göstərir ki, yaşılbaş ördəklər, qazlar, çöl qazları, qu quşları, qutanlar, cumuldaqlar belə tələf olmuşlar. Sonra cəmdəklər yırtıcı quşların, leşyeyənlərin, yəni berkutların, qırğıların, çalağanların, qarğaların, yapalaqların və bayquşların diqqətini özünə cəlb etmişdir. İri heyvanların cəmdəklərinə qara kərkəslər və ağbaş Asiya kərkəsləri də uçub qonurmuşlar. Gölün bataqlıq sahilləri nəhəng marallar, kərgədanlar, ibtidai öküzlər, Abşeron çöl donuzları kimi su içməyə gələn iri məməli heyvanlar üçün tələ olmuşdur. Palçığa batmış heyvanlar yırtıcılar üçün münasib ov məhsulu olmuşlar. Skeletlərin üzərində aparılan tədqiqatlar göstərir ki, bəzən heyvanların cəmdəkləri üstündə yırtıcılar bir-biri ilə vuruşurdu. Məməli hevanların sümüklərinin bir qismi yağış, sel vasitəsilə yerlərini dəyişmişlər. Bu hal ancaq xırda gəmiricilərə aiddir. Kolleksiyada xırda gəmiricilərin (dovşanlar, kirpilər, kor, adi, qum, yereşən, siçanlar və s.) çoxlu qalıqları toplanmışdır.


Onurğasız heyvanlardan çoxlu həşərat qalıqlarına təsadüf edilir ki, bunların 107 növünü böcəklər təşkil edirlər. Böcəklərin başqa onurğasızlara nisbətən üstünlük təşkil etməsi onlarda xitin örtüyünün yaxşı saxlanılması ilə izah olunur.


Qırlaşmış halda tapılan bitki qalıqları böyük maraq kəsb edir. Kolleksiyada ağac kötüyü gövdəsi, zoğu, meyvə, kök, kökümsov və s. hissələrə də təsadüf edilir. Binəqədi Qır gölünün cənub-qərb kənarında bataqlıq bitkilərindən qamış, cil və s., ətraf düzəndə isə söyüdyarpaqlı armud, alçayabənzər ardıc, püstə ağacı, nar kolu bitmişdir. Yəqin ki, vaxtı ilə bunlar gölün yaxınlığında kiçik bir meşə zolağı əmələ gətirmişlər. Ehtimal ki, göl yarımsəhra ilə əhatə olunmuşdur. Bitki örtüyünün xarakteri belə rəyə gəlməyə imkan verir ki, Binəqədi gölü ətrafının iqlimi Pleystosen epoxasında indikinə nisbətən daha rütübətli və soyuq olmuşdur. Sonrakı dövrdə Binəqədi gölü qurumuş və dağ əmələgəlmə prosesləri nəticəsində yer səthindən yuxarı qalxmışdır. Müasir dövrdə Qobustan və Abşeronda çox da zəngin olmayan müasir faunanın yaşaması müşahidə olunur. Binəqədinin Dördüncü dövr çöküntülərində aşkar edilən sümük qalıqlarının öyrənilməsi heyvanlarda təkamül prosesində baş verən dəyişmələr haqqında təssəvvüryaratma imkanı verir. Belə ki, qısa geoloji dövr ərzində bəzi heyvanlar mühitə uyğunlaşa bilməmiş, təbii fəlakət və s. səbəblərdən fauna məskəni məhv olmuşdur. Abşeron ərazisində məhv olmuş faunanın K.K.Flerov tərəfindən bərpa edilmiş rəsmləri albom şəklində muzeydə nümayiş etdirilir.


Binəqədinin Dördüncü dövr fauna və florası çeşidinə u1074 və çoxluğuna görə dünya miqyasında ən zəngin paleontoloji xəzinə hesab olunur. Mütəxəssislər Binəqədi Qır gölünü Şimali Amerikanın Koliforniya ştatındakı Ranço Lya Brea fauna məskəni ilə müqayisə edirlər. Burada qədim heyvan sümüklərinin olması ilk dəfə 1875-ci ildə U.Denton tərəfindən aşkar edilmişdir. O, Ranço Lya Brea asfalt çöküntülərində ibtidai atın, itidişli pişiyin və digər məməlilərin diş və sümüklərinə, o cümlədən quşların qalıqlarına rast gəlmişdir. Belə ki. tədqiqatçıları bitum qalıqlarının mənşəyi çoxdan maraqlandırırdı. U.Dentonun fauna tapıntıları uzun müddət nəzərdən kənarda qaldı. Əsas diqqət Los Anjelos rayonunda XVIII əsrdən məlum olan neft yataqlarının öyrənilməsinə yönəldilmişdi. Lakin 1905-ci ildə alimlər Ranço Lya Brea fauna tapıntılarıyla yenidən maraqlanaraq, ona yüksək qiymət vermişlər. Frank M.Anderson və Orkott Ranço Lya Breanı ziyarət edərək çoxlu miqdarda sümük qalıqları topladılar: itidişli pişiyin kəlləsinin bir hissəsi, nəhəng canavarın çənəsi və b. Sahə sahibkarının razılığı ilə bitum gölündə axtarışlar davam etdirildi. 1906-1913-cü illərə qədər aparılan axtarışlarda Koliforniya Universitetindən başqa Cənubi Koliforniya Elmlər Akademiyası, Los-Anjelos Qərb Kolleci və ali məktəbi də iştirak edirdi. O vaxtdan bəri əldə olunan materiallar hazırda Qankonq kolleksiyası adı altında Los Anjelos muzeyində saxlanılır.


Geoloji tədqiqatlar göstərdi ki, Ranço Lya Brea faunasının yaşı Pleystosen epoxasına aiddir. Gölə düşmüş bir çox heyvanlar digər yırtıcı heyvan və quşları özünə cəlb etmişdir. Asan qida əldə etmək istəyən heyvanların özləri də tələyə düşürdülər. Bu minvalla, göldə çoxsaylı heyvan cəsədləri toplanır. Bitki qalıqları azlıq təşkil etsələr də, bir çox ağac yarpaqları, toxumları, qozaları yaxşı saxlanmışdı. Asfalt laylar arasında həşərat qalıqları və heyvanın mühafizə olunmuş xitin təbəqəsi də tapılmışdır. Müqayisə məqsədi ilə qeyd olunmalıdır ki, Binəqədi Qır gölünün heyvan qalıqlarının əksər hissəsini onurğalıların skeletləri təşkil edir. Bunların içərisində də quşlar və məməlilər əsas yer tuturlar. Binəqədi və Ranço Lya Brea fauna və flora qalıqlarının toplanma yolu təxminən eynidir. Lakin Ranço Lya Brea asfalt gölündə batmış heyvan qalıqları 35000 illik tarixə malik olduğu halda, Binəqədi fauna qalıqlarının yaşı 75000 ildir. Belə ki, Ranço Lya Brea tapıntıları Binəqədi tapıntılarından 40000 il cavandır.


Binəqədi fauna qalıqları H.Zərdabi adına Təbiət tarixi muzeyinin elmi əməkdaşları tərəfindən dərindən öyrənilmiş, təsnifatı isə muzeyin 12 cildlik fundamental əsərlərində öz əksini tapmışdır. Binəqədi Qır gölündən toplanan kolleksiya içərisində 41 növ məməli, 110 quş, 2 sürünən, 1 suda-quruda yaşayan, 107 həşərat, 22 bitki qalıqları yüksək elmi dəqiqliklə öyrənilib. Sümüklərin təsviri müxtəlif nəşriyyatlarda monoqrafiya, elmi məqalə və s. şəklində dərc olunmuşdur. Binəqədi onurğalı fauna qalıqları kolleksiyasının əksər hissəsi muzeyin müvafiq vitrinlərində nümayiş etdirilir.

 

Binəqədi kərgədanın skeleti

Binəqədi kərgədanın kəlləsi
 
Binəqədi buynuzsuz kərgədanın alt çənəsi
 
Nəcib maralın sümükləri
 
Nəcib maralın sümükləri
 
Bozqır tülküsünün alt çənə sümükləri
 
Korsak tülküsünün sümükləri
 
Korsak tülküsünün sümükləri