
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
«Seysmik rayonlaşdırmaya yeni yanaşma və Azərbaycan ərazisinin seysmik təhlükə səviyyəsinin yenidən qiymətləndirilməsi» mövzusunda seminar
28 sentyabr 2011-ci il tarixində AMEA Geologiya İnstitutunun akt zalında «Seysmik rayonlaşdırmaya yeni yanaşma və Azərbaycan ərazisinin seysmik təhlükə səviyyəsinin yenidən qiymətləndirilməsi» mövzusunda Yer elmləri bölməsinin ümumrespublika elmi seminarı keçirildi.
Məruzəçi: G.-m.e.d. T.Y. Məmmədli (AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi, baş geofizik).
Seysmik cəhətdən aktiv olan ərazilərin seysmik rayonlaşdırılması müasir seysmologiyanın aktual problemlərindəndir. Əhalinin sürətlə artımı, daha geniş ərazilərin urbanizasiyası, getdikcə daha iri sənaye və mülki obyektlərin inşası və s. məsələlər dəqiq seysmik rayonlaşdırmanın zəruriliyini önə çəkir.
Hələ ötən əsrin birinci yarısında seysmoloqlar seysmik rayonlaşdırma məsələnin həllinə cəhd göstərmişlər. Lakin “harada olmuşdursa, orada da olacaq” ideyasına söykənən və seysmostatistik adlanan metodik yanaşma özünü doğrultmadı. Sonrakı dövrlərdə seysmik rayonlaşdırmada qəbul olunan yeni metod zəlzələlərin dərinlik qırılmaları zonalarında baş verməsinə və potensial seysmik təhlükənin bu qırılmalar ilə əlaqələndirilməsinə əsaslanırdı (genetik və ya seysmotektonik metod). Daha sonrakı tədqiqatlar bu metodun da malik olduğu bir sıra çatışmazlıqları üzə çıxartdı.
Belə ki, bu metoda görə qırılma bütün uzunluğu boyu aktiv hesab olunur və qırılma zonasında indiyə qədər məlum olan ən güclü zəlzələnin maqnitudası zona üçün maksimal (Mmax) qəbul edilir. Təbii ki, bu fərziyyələr (gümanlar) özünü doğrultmadı. Seysmik rayonlaşdırma xəritəsində bir sıra bölgələrdə ehtimal olunan seysmik təhlükəyə adekvat olmayan, gözlənilən təhlükədən daha yüksək intensivlikli zəlzələlər baş verdi.
Hazırda seysmik rayonlaşdırmada yeni determinist-ehtimal metodu istifadə olunur. Diqqət yetirdikdə bu metodda da genetik metodda olduğu kimi zəlzələ ocaqlarının dərinlik qırılmaları ilə əlaqədar olduğu ideyası əsas götürülür və M(max) zəlzələlərin yaxın dövrlərdə baş vermə ehtimalına əsasən tərtib olunur.Bu isə zonada mümkün ola bilən ən güclü zəlzələnin maksimal maqnitudanı (Mmax) mücərrəd riyazi asılılıqlar (fiziki əsaslandırılmadan) əsasında müəyyənləşdirməyə gətirib çıxarır.
Məruzədə seysmik rayonlaşdırma məqsədilə yeni yanaşma-metod təklif olunur. Metodun əsasını seysmikliktörədən strukturlar haqqındakı məlum anlayış təşkil edir: seysmikliktörədən zonalar müxtəlif tektonik rejimli geotektonik strukturları ayıran, bütün güclü zəlzələləri və zəif , həmçinin orta güclü zəlzələlərin böyük əksəriyyətini akkumlyasiya edən qırılma zonalarıdır.
Metodun özü aşağıdakından ibarətdir: bütün tədqiq olunan ərazi bərabər elementar sahələrə bölünür, sonra isə zəif və orta güclü zəlzələlərin episentrlər xəritəsi qurulur. Daxilində episentrlərin miqdarı, verilmiş hesabat başlanğıcı sayından az olmayan hər bir sahə üçün zəlzələ episentrlərinin konsentrasiya zonasını approksimasiya edən xətlər qurulur. Alınan bu xətlər aktiv qırılma və ya seysmiktörədən zonaları əks etdirir.
Bu metod əsasında Azərbaycan ərazisindəki potensial ocaq (seysmikliktörədən) zonaları xəritəsi qurulmuşdur. Seysmikliktörədən zonaların ölçüləri (L) ilə onlarda baş vermiş zəlzələlərin maqnitudaları (M) arasında asılılıq müəyyən olunmuşdur.
Həmin ocaq zonaları xəritəsi əsasında respublika ərazisinin seysmik təhlükə xəritə-sxemi tərtib olunmuşdur.