
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
02 Nov 2011
Diqər xəbərlər
«Güclü zəlzələlər baximindan Bakı şəhərinin seysmikliyi» mövzusunda seminar
2 noyabr 2011-ci il tarixində AMEA Geologiya İnstitutunun akt zalında «Güclü zəlzələlər baximindan Bakı şəhərinin seysmikliyi» mövzusunda Yer elmləri bölməsinin ümumrespublika elmi seminarı keçirildi.
Məruzəçi: g.-m.e.n. Q. R. Babayev
Azərbaycan ərazisi və Xəzər çökəkliyi mötədil seysmik region olsa da, hətta keçmişdə hiss edilən zəlzələlər olan və gözlənilən və geoloji nöqteyi nəzərdən nisbi təhlükəsiz hesab edilən düzənlik ərazilər də daxil olmaqla Azərbaycanın istisnasız bütün ərazisi üçün seysmikliyin tədqiqi hər zaman aktualdır. Abşeron yarımadası, o cümlədən Bakı şəhəri, ölkənin strateji regionlarından biridir. Hal-hazırda, Bakı şəhəri intensiv şəkildə infrastrukturun inkişafı, əhalinin artması, mülki, sənaye və yaşayış binalarının tikintisi olan meqapolis halına gəlmişdir. Bununla yanaşı ərazidə qrunt şəraitinin qeyri-stabilliyi, sürüşmə proseslərinin fəallaşması, seysmik aktivləşmə, əhali arasında seysmik fəlakət və onun törədə biləcəyi fəsadların mahiyyəti haqqında kifayət qədər biliyin olmaması müşahidə olunur. Bu da, Bakı şəhəri üçün daima seysmikliyin və seysmik təhlükənin qiymətləndirilməsinə aid tədqiqatların aparılmasının zəruriliyini göstərir.
Bizim tədqiqatımızda zəlzələ təhlükəsinin təhlili tədqiqat ərazisində və qonşu zəlzələ ocaqlarında baş vermiş seysmik hadisələr dünya təcrübəsində mövcud olan deterministik və ehtimal yanaşmalar kompleks şəkildə istifadə edilərək kəmiyyətcə qiymətləndirilmişdir. Bu metodika aşağıda qeyd olunan mərhələlərdən ibarətdir:
- tədqiqat ərazinin geoloji, geotexniki və geomorfoloji məlumatların interpretasiyası;
- ilkin etibarlı məlumatların toplanması və hazırlanması: seysmik hadisələrin tarixi və instrumental müşahidə kataloqları;
- Abşeron yarımadasının seysmik rejiminin xüsusiyyətlərini əks etdirən zəlzələlərinin energetik gücünün qiymətləndirilməsi;
- zəlzələlərin təkrarlanmasının təyini;
- ədqiqat regionundan yaxınlıq, uzaqlıq, lokallıq və daha uzaqlıq faktorlarını nəzərə alaraq ekstremal seysmik hadisələrin seçimi;
- qrunt şəraitin qiymətləndirilməsi və qrunt modellərinin qurulması;
- qruntun titrəyişlərin amplitudasının güclənilməsinin qiymətləndirilməsi;
- güclü zəlzələlər baxımından Bakı şəhərinin seysmikliyini səciyyələndirən maksimal təcil vahidlərində seysmik təhlükənin qiymətləndirilməsi.
Hesablamalar tədqiqat ərazisi bərabər kvadratlara bölünərək aparılmışdır. Alınan nəticələr göstərir ki, maksimal təcillər Bakı şəhərinin cənub sahilyanı və şimal-şərqində, eyni zamanda şəhərin mərkəz hissəsində müşahidə olunur. Bundan əlavə, təcillərin maksimal qiymətlərini yaxın və daha uzaq seysmik hadisələr nəticəsində alması müəyyən edilib. Nəzərə alsaq ki, hətta kiçik bir ərazidə seysmik təhlükənin qiymətləndirilməsi üçün geniş ərazidə tədqiqatların aparılması labüddur, təqdim olunan işin mahiyyəti seysmik hadisələrin yazılarının böyük həcmdə istifadəsi ilə Abşeron yarımadasının seysmik təhlükənin öyrənilməsindən ibarətdir. Əldə edilən xəritələrin instrumental materiallar istifadə edilərək daima dəqiqləşdirməsi də əsas şərtdir. Bununla əlaqədar olaraq, hal-hazırda Geologiya İnstitutunda Bakı şəhərinin seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması istiqamətində instrumental və nəzəri tədqiqatlar aparılır.