Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Oct 2011 Diqər xəbərlər Diqər xəbərlər

Azərbaycan alimi Ukraynada elmi toplantilarda iştirak etmişdir



Ukraynanın Lvov şəhərində “Geoloji mühitin proqnozlaşdırılmasının və monitorinqinin geofiziki texnologiyaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Ukrayna Elmlər Akademiyasının Geofizika İnstitutunun Karpat bölməsi, Ukrayna Təhsil, Elm, Gənclər və İdman Nazirliyi və digər dövlət qurumlarının təşkil etdiyi tədbirə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü H.H. Quliyev də qatılmışdır. O, “Yerin daxili strukturlarında sıxlaşma, azsıxlıqlı zonaların əmələgəlməsi və faza çevrilmələrinin deformasiya müşayiətləri” adlı məruzə ilə çıxış etmişdir. Tədbirə Rusiya və Polşa alimləri də qatılmışlar.

 
Konfransa təqdim olunmuş məruzələrin tam mətinləri “Lvov Politexnik” Milli Universitetinin nəşri olan “Geodinamika” jurnalının builki ikinci nömrəsində dərc olunmuşdur.

 
H.Quliyev Azərbaycanı Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM)  rəhbər heyətinin Kiyevdə keçirilmiş illik hesabat toplantısında da təmsil etmişdir. Toplantıda Avropa İttifaqı, ABŞ, Kanada, Gürcüstan və Moldovadan da alimlər iştirak etmişlər. Hesabatda bildirilmişdir ki, UETM bundan sonra “Məqsədyönlü layihələr” adı altında müştərək tədqiqatlara dəstək olacaq.