Ana Səhifə / Xəbərlər

Xəbərlər

03 May 2012 Diqər xəbərlər Diqər xəbərlər

II Dünya müharibəsində döyüşmüş alimlərə aid kitab işıq üzü görmüşdür




Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin kiçik zalında “Vətənə və elmə xidmət etdilər...” adlı kitabın təqdimat mərasimi keçirildi. Tədbirdə Azərbaycanın tanınmış elm xadimləri 9 May – Qələbə Gününə həsr olunmuş nəşri müzakirə etdilər. 9 May – Qələbə Gününə həsr olunmuş nəşr 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində döyüşmüş Azərbaycan alimlərindən bəhs edir. Burada onların müharibədə keçdiyi yollar, qələbəyə vermiş olduqları töhfələr və elmdəki xidmətləri geniş təsvir olunur. Həmin alimlər arasında Azərbaycanın görkəmli şəxsiyyətləri – Səməd Vurğun, Üzeyir Hacıbəyov, Ziya Bünyadov, Həsən Əliyev, Yusif Məmmədəliyev, Mustafa Topçubaşov və digərləri barədə də məlumatlar yer almışdır.

Azərbaycan və Rus dillərində yazılmış kitabın həm müəllifi, həm də tərtibatçısı təqaüdçü polis polkovniki Georgi Zapletin, redaktoru isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadədir.



Nəşrdə qeyd olunur ki, Azərbaycan elmi müharibə dövründə neft hasilatı və emalı sahəsində ölkənin aparıcı mövqeyini təsdiq etmişdir. Yaralanmış əsgərləri müalicə edib döyüş səngərlərinə qaytarmaqla, qiymətli yanacaq, silah və sursatlar istehsal etməklə Azərbaycan arxa cəbhəyə çevrilmişdir. Dağlıq Qarabağ müharibəsi ilə ölkənin daha ağır sınağa çəkildiyini qeyd edən müəllif inamla yazır ki, möhtərəm Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünün bərpası istiqamətindəki səyləri öz bəhrəsini verəcəkdir.

Kitabda həyatı səhifələrə köçürülmüş bəzi alimlər müstəqil respublikamıza elmi xidmətini bu gün də davam etdirir. Onlar arasında akademiklər - İsmayıl İbrahimov, Maqsud Əliyev, Məhərrəm Məmmədyarov, AMEA-nın müxbir üzvü Fərhad Əhmədbəyli və kənd təsərrüfatı elmləri doktoru Zeynalabdin Mövsümovun adını çəkmək olar.



Nəşr Geologiya İnstitutunun “Nafta-Press” nəşriyyatında çap olunub.