Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Oct 2012 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNUN ALİMLƏRİ ALMANİYALI MÜTƏXƏSSİSLƏRLƏ BİRGƏ ABŞERONDA TƏDQİQATLAR APARACAQLAR


Bu gün Almaniyanın nüfuzlu RWE elmi-texniki şirkəti ilə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Məqsəd Abşeronun cənub hissəsinin və Qobustanın dənizlə quru ərazinin keçid zonasında neft-qazlılığın perspektivliyini öyrənməkdir. Sənəd AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə və Almaniya təşkilatının Azərbaycan üzrə layihə meneceri Yürgen Şober tərəfindən imzalanmışdır.

Akademik A.Əlizadə qeyd edir ki, sözügedən ərazilərdə dənizin dərinliyi cəmi 20-30 metr olduğuna görə mövcud texnologiyalarla geofiziki tədqiqatlar aparmaq mümkün olmayıb. Lakin bu zolaqla olan qonşu quru və su sahələrində vaxtilə qazılmış məhsuldar quyular ərazinin perspektivli olduğuna inanmağa əsas verir.

Odur ki, RWE həmin ərazidə bu günə qədər aparılmış tədqiqat və qazıma işlərinin nəticələrini yenidən təhlil etməyi, əlavə çöl işləri aparmağı və nəticədə zolağın perspektivliyini müəyyən etməyi Geologiya İnstitutuna sifariş etmişdir.

Müqavilə birillikdir, noyabrın 1-dən tədqiqat və çöl işlərinə başlamaq nəzərdə tutulur.