Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Dec 2012 Diqər xəbərlər Diqər xəbərlər

ELMİN MÜASİR PROBLEMLƏRİ


 

"Elmin müasir problemləri" kitabı əsasən geologiya elminin müasir problemlərinə həsr edilmişdir. Məlumdur ki, bəşəriyyətin varlığı və dinamik inkişafı fundamental elmin inkişafı ilə qırılmaz tellərlə bağlıdır. Bu cəhətdən alimləri elmin həlli zəruri olan mübahisəli problemləri daima cəlb edir.

Problemlər həll edildikcə yeni problemlər meydana çıxır və bu da insan təbiətinin sönməyən tədqiqat marağından irəli gəlir. Problemlər yığıldıqca vaxtaşırı bu problemləri toplamaq, onların məğzini araşdırmaq və bununla elmin gələcək inkişaf istiqamətlərini müəyyən etməyə ehtiyac duyulur.

Təqdim edilən bu kitabda XX əsrin sonu XXI əsrin əvvəllərində geologiya elmindəki mövcud müasir problemlər nəzərdən keçirilir. Kitabda Yerin əmələgəlməsi, daxili quruluşu, qitələrin yaranması, Yerdəki həyatın mənşəi, Dünya okeanının mənşəi və yaşı, stratiqrafiya, litologiya və paleontologiyanın müasir problemləri, üzvi aləmin qlobal qırılmaları və yeniləşmələri və onların kosmik və ya Yerdəki səbəbləri, geodinamikanın müasir problemləri, dərinlik proseslərinin enerji mənbələri, maqmatik süxurların əsas tiplərinin mənşəi problemi, metamorfizm haqqında təlimin müasir problemləri, dəniz geologiyasının müasir problemləri, mineral xammal kompleksinin müasir ekoloji problemləri və s. nəzərdən keçirilir.

Müəllifin fikrinə görə bu problemlərlə tanışlıq  gənc nəslimizin geologiya elminə marağını daha da artırar və bu da son nəticədə ölkəmizin iqtisadi qüdrətinin daha da yüksəlməsinə səbəb olar.

Kitabdan tələbələr, bakalavrlar, magistrlər, doktorantlar, istehsalatda işləyən geoloqlar və elmi işçilər faydalana bilərlər.