Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Feb 2013 Diqər xəbərlər Diqər xəbərlər

QAZAXISTAN ALİMLƏRİ NEFT SAHƏSİNDƏ BİLİKLƏRİNİ AZƏRBAYCANDA ARTIRACAQ


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu Qazaxıstanın bir qrup gənc aliminə ixtisasartırma kursu keçəcək. Aktau şəhərində yerləşən Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin əməkdaşları bu niyyətlə Azərbaycana gəlmişlər. Onlar 5 ay ərzində Azərbaycan alimlərindən neft, neft geologiyası, quyuların qazılması və yataqların işlənilməsi sahələri üzrə bilik alacaqlar. Kurs Qazaxıstan Prezidentinin «Bolaşaq» Fondunun dəstəyi ilə təşkil edilmişdir. Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev qeyd edir ki, fond ilk dəfədir qazaxıstanlıların Azərbaycana elmi səfərini dəstəkləyir.

Geologiya İnstitutunun Elmi Şurasının toplantısında qonaqlardan üçünün – Akmaral Koyşina, Manşuk Sarbopeyeva və Maral Karajanovanın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün elmi-tədqiqat mövzuları təsdiq olunmuşdur. Xarici qonaqlar azərbaycanlı həmkarları ilə birgə tədqiqatlarda, o cümlədən çöl işlərində də iştirak edəcəklər.