Ana Səhifə / Xəbərlər

Xəbərlər

15 May 2013 Diqər xəbərlər Diqər xəbərlər

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR


Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclası keçirilmişdir.

İclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə olan məsələlər barədə məlumat vermişdir.

Sonra İtaliyanın Milli Elm Şurasının Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun professoru Luçiano Teleskanın, Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirovun və akademiyanın Geologiya İnstitutunun əməkdaşı Qulam Babayevin “Zəlzələlərin zaman dinamikasının klasterlərə ayrılması: Abşeron-Balkanyanı zonasına tətbiq” mövzusunda məruzələri dinlənilmişdir.

Alimlər məruzələrində zəlzələləri zamana görə qruplaşdıraraq apardıqları birgə tədqiqatların nəticələrindən bəhs etmişlər.

Aparılmış tədqiqatlar nəticəsində Abşeron-Balkanyanı zonasının seysmikliyinin zaman qanunauyğunluqları barədə yeni məlumatların əldə edildiyi bildirilmişdir. İlk dəfə olaraq seysmik hadisələrin gizli dövrlərinin aşkarlandığı, güclü və orta güclü zəlzələ qruplarının maqnitudasının aşağı və yuxarı hədd qiymətlərinin müəyyənləşdirildiyi diqqətə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, tədqiq olunan ərazidə və qonşu regionlarda baş vermiş seysmik hadisələr kəmiyyətcə qiymətləndirilmiş, əldə olunan nəticələr xarici “Natural Hazards and Earthquake Systems Sciense” elmi jurnalında nəşr edilmişdir.

Bildirilmişdir ki, Azərbaycan ərazisində 427-ci ildən 2012-ci ilədək baş vermiş zəlzələlər nəticəsində 1-ci, 2-ci və 3-cü dərəcəli təhlükəli zonalar müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, Gəncə şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonları, Abşeron yarımadasının şimal tərəfi tarixən seysmik zonalarıdır.

Sonra elmi məruzə ətrafında geniş müzakirə aparılmış və aparılan tədqiqatların əhəmiyyəti vurğulanmışdır.

İclasda çıxış edən Fövqəladə Hallar Nazirliyinin (FHN) infrastrukturun inkişafı baş idarəsinin rəisi Tariel Hüseynov Mİngəçevir Su Anbarında 4 baldan yuxarı olan zəlzələlərin sayının artdığını bildirmişdir.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə isə 60 il ərzində Mingəçevir hövzəsində müxtəlif geoloji, tektonik, geodinamik dəyişikliklər baş verdiyini diqqətə çatdıraraq qeyd etmişdir ki, orada Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi, Geologiya İnstitutu və FHN birgə tədqiqatlar aparmalıdırlar.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də Mingəçevir Su Anbarının altından zəlzələ ocaqlarının, dərinlik qırılmasının keçdiyini qeyd etmişdir.

İclasda “Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası istiqamətində fəaliyyətin gücləndirilməsi”, “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya- kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun 2013-cü ildə AMEA-nın alimləri üçün elan etdiyi qrant layihələrinin müsabiqəsi haqqında” mövzularında məsələlər də müzakirə mövzusu olmuşdur.

İclasda, həmçinin bir sıra elmi-təşkilati məsələlərə baxılmışdır.

www.azertag.com