
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
QAFQAZDA SEYSMOLOJİ TӘDQİQATLARIN TӘHLİLİ APARILMIŞDIR
Azәrbaycan vә Almaniya alimlәri Qafqazda seysmoloji tədqiqatların nəticələrini müzakirə etmişlәr. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya vә Geofizika İnstitutunda (GGİ) Almaniyanın Potsdam şəhərində yerləşən Helmholdz adına Geoloji Elmlər üzrə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri ilә görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov Qafqaz dağlarında aparılmış araşdırmaların nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra GETM-in region məsələləri üzrə direktor müavini Vorqan Misinger, elmi içraçı heyətinin üzvü Lüdviq Stroinq, Erkən Xəbərdarlıq Xidməti şöbəsinin əməkdaşı Marko Pilz, həmçinin Almaniya Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycandakı direktoru Nikola Uliş çıxış edərək nümayiş etdirilən nəticələri yüksək qiymətləndirmişlər. Qonaqlar öz növbəsində Mərkəzi Asiyada seysmologiya və geodinamikaya aid aparmış olduqları tədqiqatların nəticələrindən bəhs etmişlər. Geoloji hadisələrin tədqiqinə dair təqdimatları nümayiş etdirən tərəflər informasiya mübadiləsi aparmışlar. Həmçinin, nəticələr müqayisə olunmuş və təhlil edilmişdir.
Xəzər dənizinin səviyyə dəyişmələri, ekoloji vəziyyəti və geomüxtəlifliyi istiqamətində həyata keçirilmiş tədqiqatlar da görüşün müzakirə obyektlərindən olmuşdur.
Sonda qeyd olunan sahələrdə səyləri cəmləşdirmək və birgə tədqiqatlar aparmaq üçün imkanlar araşdırılmışdır.