
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
PALÇIQ VULKANLARINA DAİR TƏDQİQATLARIN COĞRAFİYASI GENİŞLƏNİR
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) palçıq vulkanlarının tədqiqi istiqamətində xarici əlaqələrini, məlumat və təcrübə mübadiləsini genişləndirməkdədir. İnstitutun rəhbərliyi ilə xarici elmi-tədqiqat müəssisələri arasında imzalanmış əməkdaşlıq müqavilələri, həmçinin qrant layihələri çərçivəsində müəyyən işlər aparılıb, mühüm nəticələr əldə olunub. Tədqiqatlar GGİ-nin palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Adil Əliyevin başçılığı ilə həyata keçirilir.
Belə ki, Azərbaycan və Ukraynanın palçıq vulkanlarının geoloji-geokimyəvi xüsusiyyətləri müqayisəli təhlil edilib və yeni məlumatlar alınıb. İlk dəfə olaraq Azərbaycanın palçıq vulkanlarında mineralogiya üzrə işlər aparılıb və bu, GGİ-də yeni elmi istiqamət kimi formalaşdırılır. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında, o cümlədən Dəmirçi, K. Mərəzə və Şıxzarlidə yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar öyrənilib, sulfatlar ˗ mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib.
Tədqiqatlar Ukrayna Elmlər Akademiyasının Dəniz Geologoyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi ilə birgə “Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” adlı layihə çərçivəsində aparılır. Layihənin ukraynalı alimlər tərəfindən icra olunan işlərinə bölmənin rəhbəri, akademik Yevgeniy Şnyukov başçılıq edir. Beşillik layihə 2017-ci ildə başa çatacaq.
Vulkanlarda üstünlük təşkil edən iki əsas su növü müəyyən edilib: az minerallaşmış natrium xlorid və çox minerallaşmış kalsium xlorid. Vulkanlarda mineral suların temperaturunun dərinliklərə nisbətən dəyişməsi neftqazəmələgəlmənin ilkin mərhələsi ilə əlaqəni göstərir.