
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AZƏRBAYCAN ALİMİ MOSKVADA XƏZƏR SUİTİLƏRİNƏ DAİR BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB
Moskvada nəsli kəsilmək üzrə olan Xəzər suitilərinin mühafizəsinə dair beynəlxalq konfrans keçirilib. "Xəzər suitisi: müasir durumu, qorunması və istifadəsi problemləri” adlı üçgünlük tədbirdə sözügedən canlıların tükənməsinə səbəb olan ekoloji amillər və onların aradan qaldırılması yolları barədə məruzələr dinlənilib. Rusiya Elmlər Akademiyası (REA) A.N.Seversov adına Ekologiya və Təkamül Problemləri İnstitutunda təşkil olunmuş konfransda İngiltərə, Niderland, İtaliya və 5 Xəzəryanı ölkədən 44 alim və mütəxəssis iştirak edib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov “Xəzər dənizinin Azərbaycan akvatoriyasında suitilərin muasir durumu və qorunması perspektivləri”, həmçinin "Abşeron yarımadasının şimalında Xəzər suitilərinin cəsədlərinin sahilə toplanma dinamikasının 44 il ərzində aparılmış monitorinqi" adlı məruzələrlə çıxış edib. O, Qazaxıstandan gələn və Abşeron sahillərində toplanan ölü suitilərin üzərində apardığı tədqiqatların nəticələrini açıqlayıb. Bildirib ki, Xəzərin yeganə məməlisi olan və 2008-ci ildə “Qırmızı kitab”a salınmış suiti həm də dənizdə yem piramidasının başında dayanır. Bu heyvanların hazırkı acınacaqlı durumu planetin ən böyük gölündə fauna və floranın ürəkaçan vəziyyətdə olmadığını göstərir.
Konfrans REA-nın Teriologiya Cəmiyyəti, Dəniz Məməliləri Şurası, UNDP və İngiltərənin Lids Universitetinin dəstəyi ilə baş tutub. Müxtəlif ölkələrdə aparılmış tədqiqatların nəticələri təhlil olunub, Xəzər suitilərinin xilası istiqamətində elmi potensialların cəmləşdirilməsi niyyəti ilə razılaşma memorandumu imzalanıb. Alim və mütəxəssislər gələcək işlərin planını da tərtib edib.
Həmçinin, Gİ-nin “Dördüncü dövr stratiqrafiya” laboratoriyasının rəhbəri Aleksey Tesakovla AMEA Təbiət Tarixi Muzeyinin işçilərinin “Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı”nda birgə tədqiqatlar aparmaq imkanları da araşdırılıb.