
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Şamaxı-Qobustan rayonunun Maykop seriyasının iqlim zonaları (palinoloji tədqiqatlar əsasında)” mövzusunda Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Tədbirdə institutun Paleontologiya və stratiqrafiya şöbəsinin əməkdaşı, gənc alimi Şəfəq Bayramova geniş məruzə ilə çıxış edərək bildirib ki, Neftli-qazlı çöküntülərin toplanmasının və formalaşmasının genetik problemləri bu günədək açıq qalır və müzakirə olunmaqda davam edir. Azərbaycanın maykop seriyasının çöküntüləri ana süxur kimi qəbul olunduğu üçün onun stratiqrafiyasının öyrənilməsi böyük maraq doğurur. Şamaxı-Qobustan rayonu maykop seriyasının stratiqrafik şöbələri və mərtəbələrinin sərhədləri, paleontoloji məlumatlar kifayət qədər olmadığından, şərti xarakter daşıyır və litoloji məlumatlar əsasında iki şöbəyə bölünür – alt (oliqosen) və üst (alt miosen).
Regionda maykop çöküntüləri müxtəlif stratiqrafik səviyyədə ayrı-ayrı bitkilərin spor və tozcuqları ilə zəngindir. İlk dəfə olaraq Şamaxı-Qobustan rayonunun maykop seriyasının çöküntülərində 14 palinokompleks ayrılmışdır, onlardan 6-sı alt, 8-i isə üst maykopa aid edilir. Tədqiq olunan seriyanın kəsilişlərinin korrelyativ müqayisəsi maykop zamanı bu regionda bitki örtüyünün və iqlim şəraitinin dəyişməsini aşkar edir.
Maykop seriyasının bitki aləmi “poltav” paratropik eosen florası (palma, siateylər), aralıqdənizi elementləri (maqnoliya, şabalıd, qoz, sərv) və mülayim yarpağı tökülən “turqay” tipli formalarla (fıstıq, vələs, qarağac, cökə, fındıq) birgə təmsil olunmuşdur. Qızılağacı və tozağacının rupel əsrində meydana gəlməsi həm relyefdə dağlılığın artmasını, həm də soyuma prosesinin başlanmasını və orta illik temperaturun düşməsini təsdiq edir. Palinokomplekslərin tərkibinin dəyişməsi ən çox xatt mərtəbəsinin orta qatlarında mülayim panqolarktik və kserofil aralıqdənizi florasının artması ilə müşahidə olunur. İlkin miosenin əvvəlində iqlim şəraiti stabilləşir, ancaq mülayim yarpağı tökülən floranın bitki tərkibində artma tendensiyası qalır. Maykop seriyasının palinokompleksləri dağətəyində orta qış hərarəti 15оС-dən az olmayan nəm iqlim şəraitində formalaşan polidominant meşə formasiyalarının yayılmasını göstərir.