Ana Səhifə / Xəbərlər

Xəbərlər

14 May 2015 Diqər xəbərlər Diqər xəbərlər

ALİMLƏR ÇİNDƏ BEYNƏLXALQ SAMMİTDƏ İŞTİRAK EDİB

 
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Quyuların qazılması texnologiyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev və Azərbaycan Dövlət Neft Akademiyasının Geofiziki kəşfiyyat üsulları kafedrasının müdiri, akademik Pərviz Məmmədov Çinin Henan əyalətində “Sənayedə yeniliklər – dünya iqtisadiyyatının inkişafına yeni təkan” adlı III dünya sammitində iştirak ediblər. Asia – Sakit Okean Regionu üzrə Rəhbər Şəxslərin Dünya Assosiasiyası tərəfindən təşkil olunmuş üç günlük beynəlxalq tədbirə 30-dan çox ölkə, o cümlədən ABŞ, Kanada, Almaniya, İtaliya, Avstriya, Monqolustan, Koreya, Avstraliya və başqa dövlətləri təmsil edən 400-dən çox iş adamı, alim, mütəxəssis və siyasi xadim qatılıb.

Sammitdə informasiya-kommunikasiya texnologiyaları, istehsalat maşınları, intellektual dəzgahlar, alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələri, həmçinin ətraf mühitin mühafizəsi istiqamətində müasir texnologiyalar, yeni dərmanlar və digər yaradıcı sahələr üzrə nailiyyətlərdən bəhs olunub.

Azərbaycan alimləri tədbirə assosiasiyanın Baş icraçı sədri Zheng Xiongvey və Henan Əyalətinin icra başçısı Xie Fuzha tərəfindən dəvət olunublar. Onlar sammitdə iştirak edən müxtəlif şirkətlərin rəhbərləri ilə görüşüblər, müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.