
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AZƏRBAYCAN VƏ UKRAYNANIN PALÇIQ VULKANLARI BİRGƏ TƏDQİQ OLUNUR
Azərbaycan və Ukraynanın palçıq vulkanlarının kompleks geoloji-geokimyəvi və mineraloji xüsusiyyətləri müqayisəli şəkildə öyrənilir. İki ölkənin alimləri birgə tədqiqatlar aparır, nəticələri təhlil edir və yeni məlumatlar alırlar. İşlər Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsi ilə Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologoyası və Çöküntü-Filiz Əmələgəlməsi Bölməsi tərəfindən aparılır. “Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” adlı layihə çərçivəsində həyata keçirilən müştərək tədqiqatların Azərbaycandakı koordinatoru adı çəkilən şöbənin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevdir. Onun ukraynalı həmkarı isə bölmənin rəhbəri, akademik Yevgeniy Şnyukovdur. Nəticələrlə bağlı birgə yazılmış elmi əsərlər də nəşr olunub.
Araşdırmaların sırasında ilk dəfə olaraq Azərbaycanın palçıq vulkanlarında fəsil və aksessor mineralları tədqiq olunur. Bu, GGİ-də yeni elmi istiqamət kimi formalaşdırılır. Şamaxı-Qobustan regionunun palçıq vulkanlarında, o cümlədən Dəmirçi, Mərəzə və Şıxzarlidə yerin üzərinə çıxan axıntılarda müxtəlif növ minerallar ˗ sulfatlar: mirabilit, tenardit, yarozit, gips, eləcə də onların kalsium, maqnezium və dəmirlə qarışığı müəyyən edilib.
A.Əliyev bildirir ki, bu cür qeyri-ənənəvi istiqamətlər üzrə tədqiqatların aparlması hər iki regionun palçıq vulkanlarının mineralogiya və geokimyasına dair yeni məlumatlar meydana çıxara bilər. Belə məlumatların alınması üçün aparılan tədqiqatlar palçıq vulkanlarının genetik xüsusiyyətlərinin dəqiqləşdirilməsi məqsədi daşıyır.
Müştərək işlərin hazırkı nəticələrinin təhlili məqsədi ilə A.Əliyev və şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov Ukraynanın paytaxtı Kievə ezam olunublar. UMEA-nın qeyd olunan bölməsində geniş müzakirələr aparılıb.
Ezamiyyə çərçivəsində Azərbaycan alimləri Ukraynanın geologiya, geokimya, mineralogiya üzrə institut və universitetlərində, həmçinin ölkənin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji və Mineral Sərvətlər Dövlət Xidmətində olublar. GGİ-nin əməkdaşları qurumların səlahiyyətli nümayəndələri ilə görüşüb, maddi-texniki bazaları ilə tanış olublar. Görüşlərdə hər iki regionun palçıq vulkanları və yanar şistlərinin yeni istiqamətlər üzrə birgə tədqiqi imkanları müzakirə edilib.
Beşillik müştərək layihə 2017-ci ildə başa çatacaq.