Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Mar 2016 Diqər xəbərlər Diqər xəbərlər

SAMUX RAYONUNUN NEFT -MƏDƏN MƏLUMATLARI ƏSASINDA HAZIRLANMIŞ GEOTERMİK MODELİNƏ DAİR ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda Samux rayonunun neft-mədən məlumatları əsasında hazırlanmış geotermik modelinə
dair Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə aparılan tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Ağentliyinin əməkdaşı, geologiya elmləri doktoru Rasim Əliyev geniş məruzə ilə çıxış edib. O, xatırladıb ki, Azərbaycan Respublikasının ərazisində termal sular təbii yolla və neft-qaz quyularının qazılması nəticəsində yer səthinə çıxır. Dünyanın bir çox ölkələrində termal sulardan alternativ enerji alınması imkanlarından istifadə edilir. Bu baxımdan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Ağentliyi tərəfindən respublikamızın inkişaf strategiyasında müəyyən addımlar atılmışdır.


Bununla əlaqədar respublika ərazisində termal suların mövcud təbii çıxış zonalarında, həmçinin neft-qaz quyuları qazılan sahələrində onların potensialının təyin edilməsi və digər məqsədlər üçün istifadəsi aktual elmi-praktiki məsələlərdən biridir.

Samux rayonu ərazisində şimal-qərbdən cənub-şərq istiqamətində bir neçə sahələrdə (Molladağ, Aydınlı, Palantökən, Tərsdəllər) onlarla neft-qaz quyuları qazılmış və istismar əhəmiyyəti olmadığından dayandırılmışdır.

Bu sahələrdə qazılan quyuların neft-mədən və geofiziki tədqiqatlar nəticəsində əldə olunan məlumatlarından istifadə etməklə struktur xəritələr, geoloji profillər tərtib edilmişdir. Digər mənbə kimi məlum olan geotermik qradiyentin hesablamaları əsasında rayonun geotermik 3D modeli tərtib edilmişdir.

Məlumatların kifayət qədər olmaması, əlavə quyu qazılması imkanlarının məhdudiyyəti modelin təkmilləşdirilməsinə imkan vermir.
Litogeotermik enerjinin potensialı stratiqrafik mərtəbələrə görə hesablanmış və alternativ enerji potensialı qiymətləndirilmişdir.
Süxurların istilik tutumu və digər parametrlər, alınan nəticələrin informativliyini 80-85% dəqiqliklə qəbul etməyə imkan verir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.