Ana Səhifə / Xəbərlər

Xəbərlər

31 Mar 2016 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTİTUNDA “GEOMEXANİKA” NÖVBƏTİ SEMİNARI KEÇİRİLDİ


2016-cı il mart ayının 31 AMEA-nın Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin “AMEA Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi-tədqiqat proqramları haqqında” 11 fevral 2015-ci il tarixli qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Yıldız Texniki Universitetinin (İstanbul, Türkiyə) əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində “Geomexanika” növbəti seminarı keçirilmişdir. Seminarda elmi-tədqiqat layihə işinin bütün iştirakçıları və müxtəlif müəssisələrdən qonaqlar iştirak etmişlər.

Seminarı layihənin rəhbəri akademik Hətəm Quliyev açdı və giriş sözündə layihədə nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini söylədi və bu gün “Seysmoloji məlumatlar əsasında Azərbaycan ərazisində Yer qabığının sürət modelləri haqqında ” mövzusunda AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və g.-m.e.d. Tahir Məmmədlinin təqdim etdiyi məruzənin müzakirə ediləcəyini qeyd etdi.

Məruzə üçün söz g.-m.e.d. T.Y. Məmmədliyə verildi.

Sürət modelləri Yerin dərinlik quruluşunun xüsusiyyətlərinin öyrənilməsində mühüm seysmoloji instrumentdir. Bu modellər həmçinin zəlzələlərin əsas parametrlərindən olan episentrin və ocağın məkan vəziyyətlərinin təyin olunmasında əsas rol oynayır. Zəlzələlərin bu parametrlərinin etibarlılığı, ərazilərin seysmikliliyinin və zəlzələ ocaqlarının tektonik strukturlar və ya dərinlik qırılmaları ilə əlaqələrinin yüksək dəqiqliklə öyrənilməsinə imkan verir.

Son dövrlərə qədər Azərbaycan ərazisinin sürət modellərinin qurulmasında dərin seysmik zondlama (DSZ), sınan dalğaların korrelyasiyası metodu (SDKM) və s. istifadə olunurdu. Hazırda Azərbaycanda 35 rəqəmsal seysmik stansiya fəaliyyət göstərir və bu stansiyalar zəlzələ ocaqlarından yayılan seysmik dalğaları rəqəmsal formada da qeyd edir. Belə məlumatların əldə olunması mürəkkəb geoloji quruluşa malik regionların, o cümlədən Azərbaycan ərazisinin tədqiqində seysmoloji metodun tətbiqinin aktuallığını artırır.

Seysmik tomoqrafiya Yerin dərinlik quruluşunu öyrənən üsullardan biridir və zəlzələrin əmələ gətirdiyi elastiki dalğaların yayılma zamanı haqqında məlumatlar əsasında Yer qabığı və mantiyanın quruluşu və müəyyən fiziki xassələri barədə məlumatlar almağa imkan verir.
Azərbaycanda baş verən çox saylı zəlzələlələri qeydə alan 35 rəqəmsal seysmik stansiyaların  məlumatları  əsasında respublikanın Aşağı Kür çökəkliyində və Qusar-Şabran bölgəsində yer qabığının sürət modeli qurulmuşdur. Tədqiqat ərazilərində sürət modelinin müxtəlif dərinliklər (1km,3km,7km və daha artıq) üzrə horizontal kəsilişləri burada yer qabığının həm lateral, həm də vertikal istiqamətdə  çox mürəkkəb quruluşa malik olduğu göstərilmişdir. Rəqəmsal məlumatlar əsasında tərtib olunmuş  “qranit”, “bazalt” qatlarının səthlərinin və Moxo sərhədinin dərinlik izoxətlərinin paylanmasının üç ölçülü sxemi burada baş vermiş geodinamik proseslər haqqında bilgiləri genişləndirməyə imkanlar açmışdır. Gələcəkdə bü metodu geniş tətbiq etməklə bütün respublika ərazisinin sürət modelinin tərtib olunması nəzərdə tutulmuşdur. Bununla yanaşı, əlavə mobil stansiyalardan istifadə etməklə lokal ərazilərdə yaradılmış sıx seysmik müşahidə şəbəkələri vasitəsi ilə xüsusi maraq doğuran ayrı-ayrı sahələrin yüksək dəqiqlikli sürət modellərini qurmaq planlaşdırılmışdır.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılandı, suallar cavablandırıldı. Tədbir, işlərin nəticələrinin müzakirəsi ilə başa çatdı.