Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Apr 2016 Diqər xəbərlər Diqər xəbərlər

“GEOLOJİ MÜHİTİN ELASTİKLİK ƏMSALLARININ ÇÖL SEYSMİK VƏ QUYU GEOFİZİKİ MƏLUMATLARI BAZASINDA TƏYİNİ ÜSULU” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Geoloji mühitin elastiklik əmsallarının çöl seysmik və quyu geofiziki məlumatları bazasında təyini üsulu” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə aparılan tədbirdə geologiya-mineralogiya elmləri namizədi Xanlar Ağayev akademik Hətəm Quliyev ilə birgə hazırladığı mövzu üzrə geniş məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, quyu geofiziki və seysmik məlumatlarının emalı və interpretasiyasında hazırda tətbiq edilən alqoritmlər seysmik dalğanın deformasiya olunmamış mühitdə yayılmasına, gərginlik və deformasiya arasında xətti asılılığın olmasına, yəni klassik yanaşmaya əsaslanır. Lakin geofiziki tədqiqatlarda alınan məlumatlar deformasiya olunmuş mürəkkəb gərginlik vəziyyətində olan mühiti xarakterizə edir. Tədqiqatlar göstərir ki, geoloji mühitdə yayılan dalğanın parametrləri həm də mühitin gərginlik vəziyyətindən asılıdır. Deformasiya nəzəriyyəsinin qeyri-klassik yanaşmasında bunlar nəzərə alınmışdır. Mühitin elastiklik xassələrini qeyri-klassik yanaşma ilə tədqiq etmək məqsədilə, seysmik və quyu geofiziki məlumatlarına görə müxtəlif gərginlik vəziyyətləri üzrə ikinci və üçüncü dərəcəli elastiklik modullarının təyini üsulu və proqram paketi işlənilmişdır.

Seysmik kəşfiyyat məlumatlarına görə elastiklik əmsallarının hesablanması imkanı üçün eninə dalğa sürətlərinin proqnozlaşdırılması alqoritmi işlənilmişdir və onunla eninə dalğa sürəti üzrə iki ölçülü model qurulmuşdur.


Yeni işlənilmiş metodu tətbiq etməklə, uzununa və eninə dalğa sürətləri və süxurların sıxlığı bir və iki ölçülü modellərdən istifadə edilərək, mühitin elastiklik xüsusiyyətləri klassik və qeyri-klassik yanaşmalar çərçivəsində müxtəlif gərginlik vəziyyətləri üçün tədqiq edilmişdir. İlk dəfə olaraq müxtəlif dərəcəli elastiklik modulları və onların fərqi üzrə mühitin elastiklik xassələrini əks etdirən 1D və 2D modelləri qurulmuşdur.


Məruzəçi tədqiqat nəticəsində müəyyən etmiş olduğu aşağıdakı məsələləri diqqətə çatdırdı:


-       quyu mühəndisi geofiziki tədqiqat məlumatlarına görə az gərginlikli mühitlərdə klassik və qeyri-klassik yanaşmalar ilə alınan nəticələrdə fərqlər cüzidir;


- dərin quyularda aparılmış geofiziki tədqiqat məlumatlarına görə yüksək gərginlikli mühitlər üzrə klassik və qeyri-klassik yanaşmalar ilə alınan nəticələrdə əhəmiyyətli fərqlər müşahidə edilir;


 - üçüncü dərəcəli elastiklik modulları mühitin qeyri-xətti deformasiya reaksiyasına, ikinci dərəcəli modullara nisbətən daha həssasdır;


- üçüncü dərəcəli elastiklik modulları əlavə imkan verir ki, mühitin məsaməliyi, təzyiqi və seysmik dalğa sürətinin qiyməti modelləşdirilsin;


 - real seysmik materiallara görə hesablanmış Yunq modulu, Puasson və Lame elastiklik əmsalları üzrə dərinlik kəsilişlərindəki anomaliyaların təbiəti müəyyən edilmişdir. Ümid strukturunda neft-qazlılıq proqnoz edilmişdir.


Təklif edilən üsul həm klassik, həm də qeyri-klassik yanaşmanı tətbiq etməklə, müxtəlif dərəcəli elastiklik modulları vasitəsilə mühitin fiziki xüsusiyyətlərini daha dəqiq tədqiq etməyə imkan verir.


Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.