
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI HAQQINDA
Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və əvvəlcə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Sonra, akademik Pərviz Məmmədovun təqdimatında “Pliosendə Cənubi Xəzər hövzəsində çöküntütoplanma şəraitinin təhlili və məhsuldar qat çöküntülərinin seysmostratiqrafik və sekvens-stratiqrafik modelləri” mövzusunda məruzə dinlənilib. Məruzəçi bildirib ki, məhsuldar qatın genezisi, erkən pliosendə çöküntütoplanma şəraiti, lay dəstələrinin arealı, sedimentasiya cismlərinin formasının paleocoğrafi, paleotektonik və evstatik amillərdən asılılığı, məhsuldar qatın daxilində xronostratiqrafik və formasion-fasial vahidlərin ayrılma metodikası, hövzə miqyasında məhsuldar qat və qırmızı rəngli qat daxilindəki lay dəstələrinin və horizontların sinxronlaşdırılması və s. nəzəri və praktiki əhəmiyyətli məsələlər müasir və səmərəli metodiki vasitələrlə yüksək elmi səviyyədə tədqiq edilmişdir.
Tədqiqatlar Şevron, Amoko, BP neft şirkətləri, Delft, Kembric, Texas universitetləri, Moskva Dövlət Universiteti ilə elmi layihələr, qrant təminatlı layihələr, AMEA Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlıq çərçivəsində icra olunmuşdur. Aparılmış tədqiqatların praktiki əhəmiyyətli nəticələrindən biri məhsuldar qat lay dəstələrinin pazlaşma zonalarında qeyri-antiklinal tipli tələlərinin aşkarlanması və xəritələnməsidir.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb və Elmi Şuranın qərarı ilə qəbul edilib.
Daha sonra, elmi-təşkilati işlərin gedişatı haqqında çıxışlara yer verildi. “Süxurların deformasiyasının mürəkkəb modellərini nəzərə almaqla neft yataqlarının işlənilməsinin hesablama üsullarının və iqtisadi məsələlərin tədqiqinin inkişafı”, “Cənubi Xəzər çökəkliyi yataqlarının geoloji-geofiziki parametrlərinin və neft-qaz ehtiyatlarının paylanma xüsusiyyətlərinin kompleks analizi” və “Cənubi Xəzər neft-qaz hövzəsində geoloji təhlükənin qiymətləndirilməsi” adlı tədqiqat işlərindən bəhs olunub.
İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşıb.