Ana Səhifə / Xəbərlər

Xəbərlər

28 Sep 2016 Diqər xəbərlər Diqər xəbərlər

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB

 
28 sentyabr 2016-cı il

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) “Dəmir-titan oksidi minerallarının Kiçik Qafqazın gec Təbaşir yaşlı maqmatik komplekslərinin ərintilərinin təkamülündə indikator rolu” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun sədrliyi ilə aparılan tədbirdə geologiya-mineralogiya elmləri doktoru M.N.Məmmədov, g.-m.e.d. A.A.Xələfli və g.-m.e.n. G.C.Babayeva tərəfindən birgə hazırlanmış məruzə dinlənilib. Geniş məruzəni təqdim edən M.Məmmədov çıxış edərək bildirib ki, süxur və filiz əmələgətirən minerallar və onların paragenezisləri maqmatik ərintilərin və hidrotermal məhlulların kristallaşma prosesində birbaşa iştirak edir­. Məhz bu­na görə də onlar bu proseslərə nəzarət edən fiziki-kimyəvi və geo­loji-geodinamik şərait­lərin ən real genetik informasiya daşıyıcılarından biri hesab oluna bilər. Bu mənada dəmir-titan oksidi mine­ralları kristallaşma prosesinin hər bir mərhələsində iştirak etdiklərinə görə, orada baş ve­rən bütün hadisələri bu və ya digər dərəcədə mineraloji yaddaşında saxlaya bilir. Bunlara dəmir-titan oksidi mineral­larının kristallaşma ardıcıllığında yeri, struktur-op­tiki tipləri, eksperimental və nə­zəri Küri nöqtələri, təkamül proseslərinə təsiri, maqma­da­şıyan qırılmaların aktivlikliyi, ara­lıq maqmatik ocaqlarda kristallaşma prosesini tən­zimləyən oksigenin parsial təzyi­qi, kritallaşma temperaturu və s. daxildir. Qeyd olu­nan ge­­netik məsələlərin həllində Kiçik Qafqazın Lök-Qarabağ (Qazax, Ağcakənd, Ağdərə sinklinoriləri), Göyçə-Həkəri (Xocavənd sinklinorisi) və Misxana-Qafan (Hoças, Azıx sink­linoriləri) zona­larının gec təbaşir yaşlı vulkanik kompleksləri munasib tədqiqat obyekti ola bilər.

Qazax və Ağcakənd sinklinorilərinin geoloji inkişaflarının üst konyak-alt santon mərhələsini xarakterizə edən bazalt-dolerit süxur komplekslərinin kristal­laşma ardıcıllığı çərçivəsində titanlı maqnetit möhtəvivari olivinli və klinopiroksenli bazaltlarda nisbətən gec kristallaşır. Doleritlərdə isə titanlı maqnetit ferroxromitlə ke­çid təşkil etməklə klinopiroksenlə birlikdə kristallaşır (t=1100-1250°C, fo2=10-15 atm., P=6-7 kbr). Vulkanizmin ikin­­­­ci mərhələsində Qazax sinklinorisində bir ne­çə dayaz aralıq maqmatik ocaqlar for­malaşır. Burada mineral paragenezislərində oli­vin qeyd olunmur. Onun əvəzinə amfibol, biotit, hipersten, titanlı maqnetit, he­matit, hətta qələvi çöl şpatı iştirak edir.

Ağcakənd sinklinorisində isə təmas süxuru arkozlu qumdaşlarını əridərək məh­dud yayılmış dasit və riolitləri əmələ gətirir. Burada hematit iştirak edir. Oxşar hal Ağdərə sinklinorisi üçün də səciyyəvidir.

Xocavənd sinklinorisində vulkanizm erkən və üst santon mərtəbələrində baş vermişdir. Burada traxibazalt-traxidolerit kompleksinin süxurlarında ti­tan­­lı maqhemit su buxarlarının müşayəti ilə krislallaşmışdır.

İkinci tefrit-teşenit kompleksinin formalaşmasında oksigenin parsial təzyi­qi­nin artması nəticəsində alüminium oksidi ilə zəngin olan titanlı maqnetit olivin və klinopiroksendən əvvəl kristallaşmışdır (t=850-1050°C, fo2=4-6 atm.). Hoças və Azıx sinklinorilərində uçucuların qismən itirilməsi nəticəsində artıq piroksenlə tarazlıqda maqnetit kristallaşır.

Beləliklə, yuxarıda göstərilən xüsusiyyətləri ümumiləşdirərək belə qənaətə gəl­­mək olar ki, qeyd olunan mineralların tipomorf xüsusiyyətlərindən bir sıra geo­loji və petroloji mə­sələlərin həllində istifadə etmək olar.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.







AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi


Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com