Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Oct 2016 Diqər xəbərlər Diqər xəbərlər

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB

 
26 oktyabr 2016-cı il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Qazlı maye qarışığının qərarlaşmamış süzülməsinin inteqral modelləşdirilməsi” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbiri açaraq mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılan müasir tədqiqatların vacibliyindən danışıb. Sonra, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları – texnika elmləri doktoru Xasay Feyzullayev və texnika elmləri namizədi Elxan Abbasov tərəfindən hazırlanmış məruzə dinlənilib. Geniş məruzəni təqdim edən X.Feyzullayev çıxış edərək bildirib ki, anomal yüksək təzyiqə malik neft və qaz yataqlarında quyudibi təzyiqi və lay parametrlərinin qiymətlərinin ölçülməsi üçün aparılacaq əməliyyatlar böyük çətinliklər ilə bağlı olur. Ona görə də anomal yüksək təzyiqli neft və qaz yataqlarının işlənilməsində quyuağzı istismar parametrləri əsasında lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmaqla quyudibi təzyiqinin nəzəri yollarla təyini istismar prosesində texniki təhlükəsizliyə ciddi riayət etməni və quyudibi təzyiqinin qiymətlərinin ölçülməsi üçün aparılması nəzərdə tutulan dərinlik ölçmə əməliyyatlarının aradan qaldırılmasını təmin etmiş olardı. Bu baxımdan maye və qaz sisteminin lay və quyu lüləsində kəsilməz axın tənliklərinin birgə həlli əsasında ölçülə bilən quyuağzı göstəricilərə görə quyudibi və lay təzyiqinin təyininin reallaşdırılması aktuallıq kəsb edən məsələlərdən hesab edilir.

İşlənilmənin texniki-texnoloji parametrlərinin dəqiq təyini əsasən hasilat quyusunun real şəraitinin nəzərə alına bilinməsi dərəcəsindən asılıdır. Buna görə də qaz-maye qarışığının hərəkət dinami¬kasına təsir göstərən əksər əsas amillərin işlənilmə prosesində nəzərə alınmasına yaranan zərurət qazlı neftin layda və quyu lüləsində birgə hərəkətini təsvir edən tənliklər sisteminə və onları tamamlayan başlangıc və sərhəd şərtlərinə kompleks şəkildə baxılmasını və araşdırılmasını tələb edir.

Bununla əlaqədar olaraq lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınaraq lay və quyu lüləsində qaz-maye qarışığının hərəkət tənlikləri bazasında neft yataqlarının tükənmə rejimində işlənilməsi prosesinin inteqral modelləşdirilməsi məsələsinə baxılmışdır.

Aparılan tədqiqatlar əsasında:

- lay-quyu sisteminin dinamik əlaqəsi nəzərə alınmaqla quyudibi və lay təzyiqini, həmçinin yatağın işlənilməsinin texniki-texnoloji göstəricilərini quyuağzı parametrlərin məlum qiymətlərinə görə hesablamağa imkan verən fluidlərin ikifazalı süzülməsinin hidroqazdinamik inteqral modeli və onun hesablanma alqoritmi işlənilmişdir;
- lay keçiriciliyinin sahə üzrə qeyri-bircinsliliyi və təzyiqdən asılı dəyişməsi nəzərə alınmaqla konkret lay modeli üzrə hesablamalar aparılmış və alınmış hesablama nəticələri keçiriciliyin sahə üzrə bircins qəbul edildiyi və təzyiqə görə dəyişməsinin nəzərə alınmadığı hallara uyğun əldə edilmiş müvafiq nəticələrlə müqayisəli təhlil edilmişdir (birinci halda cəm neft və qaz hasilalatı üzrə fərq uyğun olaraq 19 və 18%, ikinci halda isə 32 və 35% olmuşdur);
- lay-quyu sisteminin dinamik əlaqəsini nəzırə almaqla layın süzül¬mə-tutum parametrlərinin identifikasiyalı təyini üsulu işlənilmişdir.

Təklif olunan hesablama üsulları anomal yüksək təzyiqli yataqların layihə¬ləndiril¬məsi və onların ehtiyatlarının hesablanması işlərində tətbiq üçün tövsiyə oluna bilər.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.










AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com