
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
28 Oct 2016
Diqər xəbərlər
ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLIB
28 oktyabr 2016-cı il
Oktyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq Geoekologiya şöbəsinin rəhbəri, coğrafiya elmləri doktoru Vagif Məmmədovun “Azərbaycanın böyük göllərinin su ehtiyatları və biomüxtəlifliyinin qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib. Natiq bildirib ki, su mənbələri və su ehtiyatlarına istiqamətlənən antropogen təsirin öyrənilməsi, onların dəyişmə istiqamətlərinin proqnozlaşdırılması, insan məskəni və təsərrüfatı yaxınlığında yerləşən göllərdə hövzə, su kütləsi, dib çöküntüləri arasında baş verən maddələr və enerji dövranının öyrənilməsi ilə bağlı tədqiqatlar aparılıb. Abşeron yarımadasının reprezentativ göllərinin sahilə yaxın zonasında 40 metr dərinliyə kimi geofiziki üsullarla aparılmış tədqiqatlar nəticəsində litoloji quruluş və ekzogen geoloji proseslərin müasir vəziyyəti və onların inkişaf istiqamətləri proqnozlaşdırılıb. Bibiheybət braxiantiklinalı və Bayıl yamacı sürüşmə zonaları şaquli elektrik zondlama üsulu ilə tədqiq olunaraq onların əmələgəlmə şəraiti, müasir vəziyyəti və inkişaf xüsusiyyətləri müəyyənləşdirilib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırıldıqdan sonra Elmi Şuranın qərarı ilə qəbul edilib.
Sonra 2016-cı ildə başa çatmış elmi tədqiqat işləri, o cümlədən “Azərbaycanın mezozoy filiz-maqmatik sistemlərinin əmələ gəlməsinin geodinamikası və potensial filizliliyi (Kiçik Qafqaz regionu üzrə)” və “Duruca strukturunun qara şistlərində sorbsiya-desorbsiya proseslərinin eksperimental modelləşdirilməsi və onların ağır metal tərkibli geokimyəvi anoma-liyaların əmələ gəlməsində rolu” mövzuları üzrə araşdırmaların nəticələri müzakirə olunub.
Dissertasiyaların Müdafiəsi üzrə Şuranın, Gənc Alim və Mütəxəssislər Şurasının il ərzindəki fəaliyyətləri haqqında da çıxışlar dinlənilib.
İclas kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşıb.




AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com