Ana Səhifə / Xəbərlər

Xəbərlər

24 Nov 2016 Diqər xəbərlər Diqər xəbərlər

GGİ-də UKRAYNALI ALİMİN MƏRUZƏSİ DİNLƏNİLİB

 
24 noyabr 2016-cı il

Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda Taras Şevçenko adına Kiyev Milli Universitetinin Geologiya İnstitutunun direktoru, geologiya üzrə elmlər doktoru, professor Vladimir Mixaylovun “Qızılın metallogeniyası” adlı elmi məruzəsi dinlənilib.

Tədbiri açan AMEA Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov qonağı və seminar iştirakçılarını salamlayaraq bu kimi tədbirlərin əhəmiyyətindən danışıb, beynəlxalq əməkdaşlıq çərçivəsində baş tutan elmi seminarların alim və mütəxəssislərimiz üçün faydalı olduğunu vurğulayıb.

Öz növbəsində V.Mixaylov yaradılan şəraitə görə institut rəhbərliyinə minnətdarlığını bildirib. Rəhbəri olduğu müəssisənin tarixindən söz açaraq elmi-tədris institutunun 2014-cü ildə Kiyev Milli Universitetinin Geologiya fakültəsinin bazasında yaradıldığını, nəzdində geologiya elminin bütün sahələrini əhatə edən 7 kafedra və bir sıra laboratoriyaların fəaliyyət göstərdiyini qeyd edib. Müəssisədə aparılan tədqiqatlar, institutun Ukrayna Milli Elmlər Akademiyası ilə müştərək layihələri, beynəlxalq əməkdaşlıq əlaqələrindən ətraflı danışıb.

Vladimir Mixaylov məruzəsində müxtəlif illərdə aparılan tədqiqatların nəticələri haqqında geniş məlumat verib. Bildirib ki, qızıl unikal fiziki və kimyəvi tərkibə malik olduğundan kosmik və aviasiya sənayesində, elektronika, tibb və digər sahələrdə istifadə edilir. Qızılın həmçinin beynəlxalq ticarətdə çox böyük rol oynadığını söyləyən məruzəçi bu qiymətli metalın dəyərinin getdikcə artdığını, iri qızıl yataqlarında dünya üzrə ehtiyatların təxminən 100 min tona çatdığını qeyd edib.

Geniş təqdimatında Vladimir Mixaylov dünyada ən çox qızıl hasilatı ilə məşğul olan Çin, Avstraliya, ABŞ, Rusiya, Cənubi Afrika Respublikası, Peru, Kanada və digər ölkələrdə yerləşən kratonların struktur sxemləri, qızıl-mədən yataqlarının təsnifatı, yataqların geoloji-struktur xəritələri, həmçinin qızıl yataqlarının nəzarətdə saxlanılması üçün zəruri olan amillər haqqında ətraflı məlumat verib. İqtisadi geologiya sahəsinin inkişafına da toxunan qonaq yataqların bütövlüklə dəyərləndirilməsinin yalnız Yerin geoloji strukturunun tam öyrənilməsi sayəsində mümkün olduğunu deyib.

Qonaq daha bir məruzəsində alternativ enerji mənbələrindən danışıb, bu sahədə aparmış olduğu tədqiqatların nəticələrini azərbaycanlı həmkarları ilə bölüşüb.
Məruzələr böyük maraq doğurub, çoxsaylı suallar cavablandırılıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Akademiyanın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA-nın müvafiq elmi müəssisələrindən əməkdaşlar, magistirlər, həmçinin “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Sonda qonaq həmmüəllifi olduğu “Qızılın metallogeniyası” adlı monoqrafiyasını instituta hədiyyə edib.












AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com