
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
30 Nov 2016
Diqər xəbərlər
YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB
30 noyabr 2016-cı il
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Erkən pliosen çöküntülərinin mənşəyi və lay dəstələrinin sinxronlaşdırılması” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbiri açaraq mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılan müasir tədqiqatların vacibliyindən danışıb. Sonra, Seysmostratiqrafiya şöbəsinin rəhbəri, akademik Pərviz Məmmədovun təqdimatında sözügedən çövzu üzrə məruzə dinlənilib. Natiq bildirib ki, erkən pliosen çöküntüləri Cənubi Xəzər hövzəsinin (CXH) çöküntü qatında öz fasial-formasion tərkibi, qalınlığı və neft-qazlılığı baxımından müstəsna əhəmiyyət kəsb edir. Belə ki, ~ 1.7-2.1 mln il ərzində yaranmış 7-8 km iri dənəli, əsasən flüvial-delta mənşəli məhsuldar qırmızı rəngli qat (MQQ) regionda baş vermiş “Messini” hadisəsindən sonra kiçik göldə formalaşmışdır. MQQ-nin çöküntüləri qısa vaxtda selvari (175-180 m/mln il) sürətdən də çox böyük sürətlə (~3.5 km/mln il) toplanması nəticəsində çöküntü qatının (25-30) təxminən 1/4-i təşkil edir.
Ənənəvi olaraq MQQ çöküntülərinin lay dəstələri və horizontları maddi-fasial tərkiblərinə və karotaj diaqramlarına görə ayrılmış, onların hövzə miqyasında korrelyasiyasına və sinxronlaşdırılmasına cəhdlər olunmuşdur. Təbii ki, belə korrelyasiya stratiqrafik ardıcıllığa əsaslanmadığı üçün hövzənin müxtəlif sahələrində müxtəlif eroziya mənbələrindən çoxsaylı çaylar və sellərlə gətirilən terrigen-ovuntu materiallarını sinxronlaşdırmaq qeyri-mümkündür.
MQQ-nin ayrılmış lay dəstələri və onların sərhədləri hövzədə sedimentasiya prosesinin həqiqi mexanizmini və ardıcıllığını aydınlaşdırmaq üçün yararsızdır. Çünki hər bir lay dəstəsi paleocoğrafi, paleogeomorfoloji və paleotektonik şəraitlərdən asılı olaraq polifasial tərkibə (paraxronolit) malik olmuşlar. Seysmo-sekvens stratiqrafiyanın tədqiqi nəticəsində çöküntü hövzələrində seysmik horizontların müxtəlif fasial tərkibli çöküntü qatlarını izoxron səviyyəsində kəsməsi və onların xronostratiqrafik əhəmiyyəti kəşf olunduqdan sonra çöküntü hövzələrində stratiqrafik vahidləri ayırmaq və onların stratiqrafik karkasını qurmaq mümkün olmuşdur. Xronostratiqrafik vahidlər daxilində fasial tərkibli zonaların ayrılması isə eyniyaşlı sistem traktlarının ayrılmasına imkan vermişdir. CXH-də yüksək səviyyəli seysmik kəsilişlər bütün çöküntü qatının, o cümlədən məhsuldar qatın, hövzə miqyasında yaş vahidlərinə ayrılmasına və sinxronlaşdırılmasına imkan vermişdir.
Məhsuldar qatın (MQ) genezisi, erkən pliosendə çöküntütoplanma şəraiti, lay dəstələrinin arealı, sedimentasiya cisimlərinin formasının paleocoğrafi, paleotektonik və evstatik amillərdən asılılığı, MQ daxilində xronostratiqrafik və formasion-fasial vahidlərin ayrılması metodikası, hövzə miqyasında məhsuldar qat və qırmızı rəngli qat daxilindəki lay dəstələrinin və horizontların sinxronlaşdırılması və s. nəzəri və praktiki əhəmiyyətli məsələlər müasir və səmərəli metodiki vasitələrlə yüksək elmi səviyyədə tədqiq edilmişdir.
Tədqiqatlar bir çox xarici universitetlər (Delft, Kembric, Texas, Paris, Moskva), elmi mərkəzlər (MEBE, Dariyus və s.) və neft şirkətləri (Şevron, BP və s.) ilə əməkdaşlıq şəraitində birgə elmi layihələr, qrant təminatlı tədqiqatlar nəticəsində icra olunmuşdur. Elmi nəticələr beynəlxalq konfrans, simpoziumlarda (AAPG, EAGE, SEG, EAOG və s) məruzə olunmuş, nüfuzlu jurnal və toplularda dərc olunmuşdur. Tədqiqatların praktiki əhəmiyyətli nəticələrindən biri məhsuldar qat lay dəstələrinin pazlaşma zonalarının və qeyri-antiklinal tipli tələlərin aşkarlanması və xəritələnməsidir.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.



AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com