Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Dec 2016 Diqər xəbərlər Diqər xəbərlər

ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLIB

 
2 dekabr 2016-cı il

Dekabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Elmi Şuranın növbəti iclası keçirilib. Tədbiri müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov açıb və iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İlk olaraq AMEA-nın müxbir üzvləri – Elmira Əliyeva, Əkpər Feyzullayev, Tələt Kəngərli, həmçinin geologiya-menaralogiya elmləri doktoru D.Hüseynov, geologiya üzrə fəlsəfə doktoru B.Məhərrəmov və T.Niyazov tərəfindən hazırlanmış “Qərbi Azərbaycanda maykop çöküntülərində şistli karbo-hidrogenlərin perspektivliyi” mövzusunda məruzə dinlənilib. Sedimentologiya və paleocoğrafiya şöbəsinin rəhbəri, E.Əliyeva məruzəni təqdim edərək bildirib ki, Gəncə və Muradxanlı NQR-in sahələri üzrə maykop çöküntülərinin litoloji tərkibi son dərəcə dəyişir. Kiçik Qafqaza yaxın sahələrin kəsilişlərində iri qalınlıqlı konqlomerat və gilli qum qatları ilə növbələşən gil layları qeydə alınır. Tədqiq edilmiş sahənin şimal, şimal-şərq və şərq istiqamətində gilli süxurlar üstünlük təşkil edir. Gilli süxurlar kiçik qalınlıqlı qumlu laylarla növbələşir.

Həmçinin, Yevlax-Ağcabədi çökəkliyinin mərkəzi hissəsində maykop lay dəstəsinin qumlu süxurlarının kollektor xüsusiyyətləri qənaətbəxş deyil. Belə ki, burada məsaməlik 5 faizdən az, keçiriçiliyin qiyməti isə sıfıra yaxındır.

Maykop lay dəstəsi süxurlarının üzvi maddələrinin geokimyəvi analizləri göstərir ki, Gəncə və Muradxanlı NQR-in geniş bir hissəsində üzvi karbonun miqdarı 1%-dən azdır, bir neçə nümunə istisna təşkil edir. Üzvi maddələr 2-ci və 3-cü tip ilə verilir.

Yevlax-Ağcabədi çökəkliyinin dərinləşmiş hissəsində 3,5 km-dən artıq dərinlikdə üzvi maddələrin karbohidrogenlərə çevrilməsi üçün əlverişli termodinamik şərait var. Üzvi maddələrin miqdarı və tipi çökəklik hüdudunda karbohidrogenlərin qaz fazası vəziyyətində olması üstünlük təşkil edir.

Şistli karbohidrogen yataqlarının proqnozu və işlənməsi üçün tələblər nəzərə alınaraq (layın yatma dərinliyi, qumlu-alevritli süxurların məsaməliyi və keçiriciliyi, Si miqdarı, gilli və az qalınlıqlı qum laylarının növbələşmə şəraiti, gil laylarının qalınlığı) Şirvanlı, Bərdə, Lənbərən, Ağcabədi sahələrində yerləşən şistli qaz yataqlarının işlənilməsi üçün perspektivli sahələr ayrılmışdır.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırıldıqdan sonra Elmi Şuranın qərarı ilə qəbul edilib.

Sonra AMEA prezidentinin sərəncamları və Rəyasət Heyətinin qərarlarının icrası haqqında məlumat verildi. Növbəti çıxışlar 2016-cı ildə başa çatmış elmi tədqiqat işləri barəd olub. “Yataqlarda süzülmə prosesləri zamanı yaranan termodinamik effektləri nəzərə almaqla termohidrodinamiki modelləşdirilmə üsullarının təkmilləşdirilməsi” və “Süxurların deformasiyasının mürəkkəb modellərini nəzərə almaqla neft yataqlarının işlənilməsinin hesablama üsullarının və iqtisadi məsələlərin tədqiqinin inkişafı” mövzuları üzrə araşdırmaların yekunları müzakirə edilib.

Daha sonra CTBTO-nun Milli Məlumat Mərkəzində aparılan işlərin gedişatı, GGİ alimlərinin Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunda çalışan həmkarları ilə ilə birgə həyata keçirdiyi işlərin gedişatı haqqında da çıxışlar dinlənilib.

İclasda Geodinamika və seysmologiya şöbəsinin adının “Müasir geodinamika və kosmik geodeziya”ya dəyişdirilməsi, Mühəndisi geofizika və Seysmologiya və seysmik təhlükə şöbələrinin yaradılması təklif edilib.

AMEA-da Yüksək Texnologiyalar Parkının yaradılması və bununla bağlı irəli gələn vəzifələrdən də bəhs olunub.

Tədbir institutun redaksiya-nəşriyyat fəaliyyəti, həmçinin kadr və digər məsələlər haqqında müzakirələrlə yekunlaşıb.











AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com