Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Apr 2017 Diqər xəbərlər Diqər xəbərlər

YER ELMLƏRİ SAHƏSİNDƏ ÜMUMRESPUBLİKA ELMİ SEMİNARI KEÇİRİLİB

 
26 aprel 2017-ci il

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda “Cənubi Xəzər neftli-qazlı hövzəsinin təşəkkülünə yeni baxış: mantiya diapirizmi – endogen karbohidrogen flüidlərinin transformasiyası” mövzusu üzrə Yer elmləri sahəsində ümumrespublika elmi seminarı keçirilib. Müəssisənin elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov tədbiri açaraq mövzunun əhəmiyyətindən, bu istiqamətdə aparılmış müasir tədqiqatların vacibliyindən danışıb. Bildirib ki, əldə olunmuş nəticələr elmdə böyük marağa səbəb ola bilər.

Sonra, institutun petrologiya şöbəsinin rəhbəri akademik Arif İsmayılzadənin təqdimatında geniş məruzə dinlənilib. Natiq qeyd edib ki, Alp-Himalay qırışıqlıq qurşağının Xəzər-Fars seqmentinin politsiklik təkamülündə karbohidrogen flüidlərinin transformasiyasına malik mantiya aktivləşməsi ilə korrelyasiya olunmuş və qırışıqlıq qurşağının geodinamiki zonal strukturunda şimaldan cənuba doğru ardıcıl təzahür etmiş üç – hersin, kimmeri və alp mərhələli tektonik-maqmatik aktivləşmə müəyyən edilmişdir. Bu proses nəticəsində hersin və alp mərhələlərində Qafqazda nəhəng karbohidrogen yataqları təşəkkül tapmışdır. Lakin kimmeri mərhələsində Cənubi Xəzər hövzəsində ekran rolunu oynayan qatın olmaması səbəbindən, yalnız Kür çökəkliyində kiçik miqyaslı neft təzahürləri yaranmışdır. Cənubi Xəzər hövzəsinin Abşeron-Balxan astanasının pliosen-pleystosen yaşlı komplekslərinin iri və nəhəng neft-qaz yataqları Xəzər dənizinin regional neft-qaz əmələgəlmə sxeminə deyil, geodinamiki-geofiziki parametrlərinə görə Fars hövzəsi akvatoriyasında tam ifadə olunmuş gec alp mərhələsinə uyğun gəlir. Pont mərhələsinin sonunda Messina böhranı Cəbəlüttariq boğazının açılmasına və nəticədə Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi hövzələrinin Atlantik okeanın suları ilə dolmasına səbəb olmuşdur. Dartılma qüvvələri, öz növbəsində, mantiya diapirinin inkişafı ilə əlaqədar Cənubi Xəzər hövzəsinin dərinliyə yatmasını və sürətli çöküntüəmələgəlmə ilə müşayiət olunan, qum-gil tərkibli 6-7 km qalınlığa malik məhsuldar qatın formalaşmasını və sonradan endogen karbohidrogen flüidlərlə dolmasını stimullaşdırmışdır. Cənubi Xəzər hövzəsinin neft-qazlılığı mantiya diapirizmi – endogen karbohidrogen flüidlərin transformasiyası yolu ilə gec pliosen dövründə təzahür etmişdir.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb. Tədbir tədqiqatların nəticələrinə dair müzakirədən sonra başa çatıb.










AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com