
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 May 2017
Diqər xəbərlər
“DÜNYA PALÇIQ VULKANLARI ATLASI”nın AMEA-da BİLİKLƏR İQTİSADİYYATININ FORMALAŞMASINA TÖHFƏSİ
18 may 2017-ci il
Dünyada ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (GGİ) tərəfindən hazırlanmış və İtaliyada nəşr olunmuş “Dünya palçıq vulkanları atlası” yerli və xarici mütəxəssislərin ciddi marağına səbəb olub. Hazırda yeni nəşri əldə etmək üçün müraciətlər olunur. GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirir ki, elmi ictimaiyyətdə atlasa bu cür tələbat AMEA-da biliklər iqtisadiyyatının formalaşmasına töhfə verə bilər. Müasir elmi-texniki avadanlıqların imkan verdiyi çərçivədə laborator analizlər sahəsində bu cür təcrübə qazanmış qurum bunu nəşrlər sahəsində də tətbiq etməyə çalışır.
Qeyd edək ki, atlasda Alp-Himalay dağları və Sakit okeanın əhatə etdiyi tektonik qurşaqlarda yerləşən 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərinliklərində intişar tapmış palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil edilib. Nəşrdə vulkanların morfologiyası, struktur mövqeyi və püskürmə məhsulları ətraflı şərh olunur. Burada yarım əsr ərzində palçıq vulkanlarını öyrənən Azərbaycan alimlərinin əvvəllər əldə etdikləri nəticələr qlobal miqyasda təsdiqini tapır. Belə ki, palçıq vulkanlarının əmələ gəlməsi və təzahür mexanizminin 15-20 kilometr dərinliklərdə gedən geodinamik şərait və termodinamik proseslərlə əlaqədar olması barədə alimlərimizin fikirləri atlasın əhatə etdiyi ölkələrin tədqiqatçılarının məlumatları ilə üst-üstə düşür.
Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirir ki, Yer kürəsində 2500-dən artıq palçıq vulkanı müəyyən edilib. Onların 350-dən çoxu Azərbaycanda yerləşir. Atlasdakı bütün vulkanlar ilk dəfə olaraq iki genetik tipə – palçıq vulkanları və palçıq vulkanı təzahürlərinə ayrılır. Buradakı məlumatlar dünya üzrə palçıq vulkanlarına dair aparılmış 600-dən çox ədəbiyyat materallarının tərcüməsi və təhlili nəticəsində əldə olunub. Atlasda 450 rəngli şəkil, o cümlədən xəritə və sxemlər, yer üzərində, peyk və helikopterdən çəkilmiş 340 foto, 136 cədvəl verilib.
Atlas hər biri 320 səhifə olan azərbaycanca, ingilis və rus variantlarında hazırlanıb.

AMEA Geologiya və Geofizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 497 44 81
said.huseynov@gmail.com